Son yeniləmə: 13 Dekabr 2023 10:14
Qurumun sədri də, İdarə Heyəti də yeniləndi
BAYRAQDAR MEDİA – Öz fəaliyyəti ilə Azərbaycan və Türkiyənin iş dünyasını bir araya gətirən, iki qardaş ölkənin əməkdaşlığının daha da dərinləşməsinə öz töhfəsini verən Azərbaycan Türkiyə İş Adamları Birliyində (ATİB) yeni dönəm başlayır. Hər halda təşkilatın son Ümumi Yığıncağında qəbul edilən qərarları bu cür dəyərləndirmək olar.
Ümumi Yığıncağı başqa bir məqamla da diqqət mərkəzində idi
Məlumat üçün bildirək ki, qurumun bu dəfəki Ümumi Yığıncağı başqa bir məqamla da diqqət mərkəzində idi. Belə ki, Ümumi Yığıncaqdan öncə ATİB-in təşkilatçılığı ilə “Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans keçirilib.
ATİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq keçirilən Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürkün, iki ölkən şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 7,5 milyard dollara çatacaq
Konfransı giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağçı bildirib ki, 2023-cü ilin ilk 10 ayında Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 6,7 milyard dollardır. Bu ilin sonuna iəs bu rəqəmin 7,5 milyard dollara çatacağı proqnozlaşdırılır.
Səfir, həmçinin Türkiyənin neft və təbii qaza olan tələbatının ödənilməsi baxımından qardaş ölkə Azərbaycanın birinci yerə yüksəldiyini və digər tərəfdən Azərbaycanın Batıya enerji ixracında Türkiyənin mühüm körpü olduğunu qeyd edib.
Səfir çıxışının sonunda ATİB-in son 9 ildə sədri olmuş Cemal Yangına Azərbaycan-Türkiyə ticari əlaqələrin inkişafı baxımından gördüyü işlərə görə minnətdarlığını bildirərək, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs edilib
Məlumatda bildirilib ki, “daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov, millət vəkili Cavanşir Feyziyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış ediblər. Natiqlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs ediblər. Onlar həmçinin ATİB-ə bundan sonrakə fəaliyyətində də uğurlar arzu ediblər”.
Məlumata əsasən, konfransdan sonra ATİB-in Ümumi Yığıncağı keçirilib: “Reqlamentə uyğun olaraq iştirakçılar tərəfindən iclasın sədri və katibləri seçilib. Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq Sami Acarözmen konfransın sədri, Gülnar Şirinova və Nəzər Emin isə katibləri seçiliblər. Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2022-2023-cü il üzrə fəaliyyətinə dair hesabatı təqdim edib. Daha sonra Təftiş Komissiyasının sədri Səbuhi Əbülhəsənli 2022-2023-cü il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib”.
Hesabatların qəbulundan sonra ATİB-in İdarə Heyətinə sədr və yeni üzvlərin seçilməsi məsələsinə baxılıb: “Ümumi Yığıncaq iştirakçıları İdarə Heyətinə sədr və üzvlüyə namizədlər üçün təkliflər irəli sürüblər. Bildirilib ki, Nizamnaməyə əsasən Cemal Yangının artıq fəaliyyət müddəti başa çatdığına görə yenidən namizədliyini irəli sürmək səlahiyyəti bitmişdi”.
Beləliklə, görünən odur ki, ATİB-də yeni dönəm başlayır. Qurumun sədri də, İdarə Heyətinin üzvləri də yenilənib.
Mürsəl Rüstəmov növbəti üç il üçün ATİB İdarə Heyətinə sədr seçilib
Beləliklə, tək namizəd olaraq seçkidə iştirak edən Mürsəl Rüstəmov növbəti üç il üçün yekdilliklə ATİB İdarə Heyətinə sədr seçilib. Həmçinin, ATİB İdarə Heyəti növbəti üç il üçün aşağıdakı şəxslərdən ibarət yeni üzvləri seçilib: Mürsəl Rüstəmov, Azər Hətəmov, Rəna Məmmədova, Kaya Karslı, Rafiq Qarayev, Tahsin Gündem, Muhammed Güven, Sürəyya Verdiyeva və 9. Erdem Ercin. Nizamnaməyə uyğun olaraq İdarə heyətininin səlahiyyət müddəti başa çatmış keçmiş üzvlərindən ibarət Məsləhət Şurası formalaşır. Məsləhət Şurasının fəxri sədri sonuncu dəfə İdarə Heyətinə rəhbərlik edən şəxs olur. Ona görə də Cemal Yangın Məsləhət Şurasının fəxri sədri olub”.
Qeyd edilib ki, seçkidən sonra ATİB İdarə Heyətinin yeni sədri Mürsəl Rüstəmov çıxış edərək, Cemal Yangına əvvəlki illərdə göstərdiyi əvəzsiz fəaliyyətinə görə öz minnətdarlığını bildirib: “Daha sonra 2024-cü il üçün büdcəni təqdim edərək, ATİB-in inkişafı naminə əlindən gələni əsirgəməyəciyini qeyd edib. Mürsəl Rüstəmov Ümumi Yığıncaq iştirakçılarına təşəkkür edərək onların etimadını layiqincə doğruldacağını vurğulayıb və yeni İdarə Heyətinə uğurlar arzulayıb”.