Press "Enter" to skip to content

Ankarada anım tədbiri

Səfir Rəşad Məmmədov

Son yeniləmə: 13 Dekabr 2023 12:37

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Bilkənd Universitetində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi rolundan bəhs edilib

BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə Ankarada anım tədbiri təşkil olunub. Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Bilkənd Universitetində təşkil edilən tədbirdə Azərbaycan və Türkiyədən çox sayda millət vəkilləri, Türkiyədən dövlət rəsmiləri, hərbçilər, ziyalılar, tələbələr və mətbuat nümayəndələri iştirak edib.

Bu barədə BAYRAQDDAR MEDİA-ya dekabrın 13-də səfirlikdən məlumat verilib.

Bildirilib ki, “Proqram Ulu Öndərin xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb. Daha sonra Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafına əvəzsiz xidmətlərindən bəhs edən qısa film nümayiş etdirilib”.

Məlumata görə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək, həyatını xalqına həsr etmiş Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi rolundan danışıb: “Bilkənd Universitetinin rektoru professor Kürşad Aydoğan Heydər Əliyevin Azərbaycan – Türkiyə münasibətlərinin inkişafına verdiyi misilsiz töhfədən danışıb, Ümummilli Liderin xatirəsinin Bilkənd Universitetində əziz tutulduğunu vurğulayıb”.

Tədbirdə, həmçinin Milli Məclisin Azərbaycan və Türkiyə arasında parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov da çıxış edib: “Ə.Əmiraslanov çıxışında Heydər Əliyevin türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni vurğulayıb. Natiq eləcə də Ümummilli Liderin siyasi kursunun layiqli Prezident İlham Əliyevin liderliyində Onun ən böyük arzusu olan Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu, Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib”.

Türkiyə Böyük Millət Məclisində Türkiyə – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə çıxışında müstəqil və qüdrətli Azərbaycan Respublikasının Ümummilli Liderin ən böyük əsəri olduğunu ifadə edib.

Türkiyədən olan qazilərlə xatirə fotosu
Türkiyədən olan qazilərlə xatirə fotosu

Səfirliyin məlumatında, həmçinin “çıxışlarda Ümummili Lider Heydər Əliyevin Bilkənd Universitetinin qurucusu olan İhsan Doğramacı ilə yaxın dostluq münasibətlərinə toxunularaq, anım gününün məhz bu universitetdə təşkil olunmasının əhəmiyyəti qeyd edilib. Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisi Azərinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi əsərləri və Bilkənd Simfonik Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi nümunələri səslənib” deyə qeyd olunub.

Onu da bildirək ki, tədbirdə Türkiyədən olan bir qrup qazi də iştirak edib.

 

Mission News Theme by Compete Themes.