Press "Enter" to skip to content

Ürəyimiz Qarabağ, qanımız Şuşa, xəyalımız isə türk dünyasıdır

İlhami Bilgen (solda) və Nadir Azəri

Son yeniləmə: 12 Dekabr 2023 17:23

İlhami Bilgen: KKTC Cümhurbaşqanı Ersin Tatarın Azərbaycana səfərindən sonra iki ölkənin iş adamlarının qarşısında geniş üfüqlər açılıb

BAYRAQDAR MEDİA –“Bizim ürəyimiz Qarabağ, qanımız Şuşa, xəyalımız isə türk dünyasıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kıbrıs Türk İş İnsanları Derneğini (İŞAD) İdarə Heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisi İlhami Bilgen deyib.

Şükürlər olsun ki, bu arzu reallaşır

KKTC-nin “Wotmax Estate” şirkətinin direktoru da olan İ.Bilgen bildirib ki, “Azərbaycan dövlətinin və xalıqnın Kuzey Kıbrıs Türk Cümhuriyyətinə dəstəyi bizlər üçün xüsusi önəm kəsb edir. Əslində, biz hesab edirik ki, bu dəstək, KKTC-yə olan bu sevgi təbiidir. Çünki biz “bir millət üç dövlətik”. Deməli, bizim ayrımız-qeyrimiz olmamalıdır”.

O, qeyd edib ki, KKTC Cümhurbaşqanı Ersin Tatarın Azərbaycana səfərindən sonra iki ölkənin iş adamlarının qarşısında geniş üfüqlər açılıb: “İndi biz hər iki ölkədə sərmayə qoymaq imkanlarından yararlanmalıyıq. Bunun üçün ilkin şərt isə qarşılıqlı səfərlərin reallaşmasıdır. Çünki insanlar, iş adamları yerlərdə həmin imkanları görəndə sərmayə qoymağa daha həvəsli olurlar. Bunu təsdiq edən bir misal çəkim. E.Tatarın səfəri zamanı heyətdə olan iş adamlarından biri ilə Bakı küçələrində gəzirdik. Birdən o marketlərdən birinə daxil oldu və orada xaricdən gələn məhsulun qiymətini soruşdu. Sonra da üzünü mənə tutub “mən bu məhsulu bura qat-qat ucuz qiymətə gətirə bilərəm” dedi. Yəni, deməyim o ki, imkanlarla yerində tanış olmaq iş adamlarını sərmayə qoymağa sövq edir”.

KKTC iş adamlarının Azərbaycanda sərmayə qoyması üçün hər cür imkanlar var

Müsahibimiz bildirib ki, KKTC iş adamlarının Azərbaycanda sərmayə qoyması üçün hər cür imkanlar var: “Bu yaxınlarda KKTC-də bir televiziya proqramına çıxmışdım. Aparıcı Azərbaycanda şirkət qurmağın çətin olub-olmamasını soruşdu. Mən isə cavabında dedim ki, bizim üçün Azərbaycanda şirkət qurmaq KKTC-də qurmaqdan daha asandır. Ümumiyyətlə, Azərbyacanda KKTC-yə xüsusi sevgi və qayğı var. Bu ölkədə bizə- KKTC-dən olan iş adamlarına hər hansı embarqo qoyulmur. Bayrağımızı niyə asmışıq deyə kimsə irad bildirmir. Elə isə KKTC iş adamları zaman itirmədən bura gəlməli, sərmayə qoymalı, ortaq biznes imkanalarını da nəzərdən keçirməlidirlər”.

Müsahibə zamanı
Müsahibə zamanı

“Konkret olaraq hansı sahələrə sərmayə qoyula bilər” sualına cavabında İ.Bilgen deyib ki, bu sahələr kifayət qədər çoxdur: “Məsələn, KKTC-dən olan iş adamları otel və istirahət konseptində olan layihələri reallaşdıra, bu sahəyə sərmayə qoya bilərlər. Buna ehtiyac və təlabat var. Mənim özümə dəfələrlə bu sahəyə sərmayə qoyulmasına dair təkliflər gəlib. Eyni zamanda KKTC şirkətlərinin inşaat və digər sahələrdə istehsal etdiyi məhsullar var ki, onlar ya burada ortaq fəaliyyətlə istehsal edilə, ya da məhsullar KKTC-dən ixrac edilə bilər. Çünki bu materiallara da ciddi ehtiyac duyulur. Əsasən Azərbaycanda inşaat sektorunda əksər materiallar Türkiydən gəlir. Yəni bu sahədə hər zaman təlabat var və olacaq”.

Azərbaycan iş insanlarının da KKTC-də görə biləcəyi çox işlər, sərmayə yatıra biləcəyi çox sahələr var

Vurğulanıb ki, eyni zamanda Azərbaycan iş insanlarının da KKTC-də görə biləcəyi çox işlər, sərmayə yatıra biləcəyi çox sahələr var: “Bundan başqa Azərbaycan iş adamları KKTC-yə getməklə digər ölkələrdən olan iş adamları ilə də əməkdaşlıq qurmaq imkanı əldə edəcəklər. Çünki KKTC-də çoxlu sayda xarici ölkədən olan firma, şirkət və iş adamı fəaliyyət göstərir. Azərbaycan şirkətləri və iş adamları KKTC-dən digər ölkələrə mal ixracından da yaralana bilər. Bizdə sərbəst liman var. Azərbaycan şirkətləri oradan Akdeniz regionundakı ölkələrə mal və məhsul ixrac edə bilər”.

Üç qardaş ölkənin iş adamları birlikdə çox işlər görə bilərlər

Müsahibimiz Türkiyə, KKTC və Azərbaycan iş adamlarının ortaq fəaliyyəti, ortaq istehsalla məşğul olmaq imkanlarına dair sualı da cavablandırıb. Qeyd edilib ki, bu üç qardaş ölkənin iş adamları, şirkətləri birlikdə çox işlər görə bilərlər: “Deyim ki, birlikdə görə biləcəyimiz çox işlər, fəaliyyət göstərə biləcəyimiz çox geniş sahələr var. Sadəcə iki misal çəkəcəm. Bu gün Afrika Fransa müstəmləkəsindən xilas olmaq üçün ayağa qalxıb. Fransa bu regiondan çıxır. Həmin regionda sərmayə qoymaq üçün imkanlar məhdudsuzdur. Birlikdə artezian quyularının qazılması, yaxud elektrik stansiyalarının tikintisini reallaşdıra bilərik. Digər bir misal isə konkret olaraq KKTC ilə bağlıdır. Bizim qaz imkanlarımız, Azərbaycanın isə qaz yataqlarında işləmək təcrübəsi var. Birlikdə çalışmaqla həm qazana, həm də ehtiyyatlarımızı artıra bilərik”.

Azərbaycan tərəfindən atılan hər bir addım Kıbrıs türk xalqı tərəfindən sevinc və coşqu ilə qarşılanır

Sonda o da bildirilib ki, qalib Azərbaycan regional və qlobal baxımdan proseslərdə aparıcı söz sahibinə çevrilib: “Bizim üçün sevindiricidir ki, qardaş Azərbaycan KKTC məsələsinə xüsusi həssaslıq və sevgi ilə yanaşır. Azərbaycan tərəfindən atılan hər bir addım Kıbrıs türk xalqı tərəfindən sevinc və coşqu ilə qarşılanır. Eyni zamanda, könül arzu edər ki, qardaş Azərbaycandan KKTC-yə birbaşa təyyarə reysi açılsın. Əgər bu olarsa o zaman iki qardaş ölkə və xalq arasında əlaqələr daha da dərinləşə, daha da intensivləşə bilər”.

Mission News Theme by Compete Themes.