Son yeniləmə: 11 Dekabr 2023 19:16
BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Yaradıcı Ekosistem və Sənaye (YES) Mükafatı” üçün müraciətlərin qəbuluna başlanılıb.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Mükafat yaradıcı sənaye sektorunun əhəmiyyətinin artırılması, sənaye nümayəndələrinin fəaliyyətinin daha geniş tanıdılması, mədəniyyət sahəsində sahibkarlığın inkişafının təşviq edilməsi və istedadlı şəxslərin peşəkar inkişafının dəstəklənməsi məqsədi ilə təsis edilib. Mükafatın təqdim edilməsi müsabiqə əsasında həyata keçiriləcək. Müraciətlər mədəniyyət və yaradıcı sənayelərin (bundan sonra MYS) yaradıcı klasterləri (kino, animasiya, teatr, ədəbiyyat, dizayn, təsviri sənət, tətbiqi sənət/əl işləri, rəqs, musiqi, kulinariya, oyun texnologiyaları, mədəniyyət sahəsində startaplar (cultech)) üzrə 6 nominasiyada (“İlin biznes təşəbbüsü”, “İlin innovativ layihəsi”, “İlin yaradıcı məkanı”, “İlin mühüm hadisəsi”, “İlin ekosistem oyunçusu”, “Xüsusi mükafat”) təqdim olunacaq”.
Qeyd edək ki, namizədlərin seçimi Azərbaycanın tanınmış mədəniyyət və yaradıcı sənaye nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər rəsmi internet səhifəsində qeydiyyatdan keçərək öz namizədliyini irəli sürə bilərlər.