Son yeniləmə: 11 Dekabr 2023 13:08
BAYRAQDAR MEDİA – Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov həmin ölkənin Konqresinin sədri Alexandro Soto Reyes və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Alexandro Aguinaqa ilə görüşlər keçirib. Görüşlər zamanı ölkələrimiz arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı, ticarət-iqtisadi, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdəki münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycnaın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “səfir Azərbaycan və Peru arasında iqtisadi, siyasi və sosial sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Diplomat regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin geosiyasi proseslərə müsbət təsiri barədə məlumat verib. Bu il xalqımız tərəfindən yüz illiyi təntənəli şəkildə qeyd edilən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təşəkkül tapmış irimiqyaslı beynəlxalq layihələr sayəsindəhazırda Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və enerji qovşağına çevrildiyini qeyd edən M.Talıbov,carı ilin may ayında Ulu Öndərin 100 illik yubileyi münasibətilə Peru Konqresində təşkil olunmuş tədbiri də böyük məmnunluqla xatırlayıb”.
Məlumata görə, səfir, erməni işğalı və onun nəticələri, Azərbaycan ərazilərində həyata keçirilmiş etnik təmizləmə və vandalizm, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki zəfər nəticəsində bu işğala son qoyulması və tarixi ədalətin bərpa olunması, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, həmçinin gündəlikdə duran sülh prosesinin gedişatı barədə danışıb: “Görüş zamanı diplomat Peru Hökumətinə keçmiş Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə bir daha təşəkkürünü bildirib. Görüş əsnasında, Peru səfirliyinin Azərbaycanda fəaliyyətinin bərpası məsələsi və bu amilin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərin yaradılmasına əlavə təkan verəcəyi qeyd edilib. Konqresin sədri A. Soto Reyes, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, Peru və Azərbaycan arasında, əsasən siyasi, ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafındamaraqlı olduqlarını vurğulayıb. Konqresin Sədri A.S.Reyes, hər iki ölkənin parlament nümayəndələri arasında qarşılıqlı səfərlərinin intensivləşdirilməsi, müxtəlif sahələrdə gələcək əməkdaşlıq perspektivlərinə dair mütəmadi fikir mübadiləsinin ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldıracağına inandığını söyləyib”.
Eyni zamanda səfər çərçivəsində səfir Beynəlxalq Əlaqələr Komissiyasının sədri A.Aguinaqa ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, o cümlədən parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və müasir dövrdə dövlətlərarası əlaqələr və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu barədə fikir mübadiləsi aparılıb.