Son yeniləmə: 11 Dekabr 2023 14:40
BAYRAQDAR MEDİA – Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cü ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Qurumdan verilən məlumata görə, bu çərçivədə Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 800 metr, ortalama eni 6 metr olan Nurlan Hüseynov küçəsinin təmiri artıq yekunlaşmaq üzərədir: “Sözügedən küçə yararsız asfalt örtük və torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu. Təmir çərçivəsində küçəboyu frezlənmə, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb, 200 p/m səki daşı yenilənib”.
Məlumata görə, küçədə mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib: “Hazırda küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib”.