Press "Enter" to skip to content

Həkim-infeksionist qızılca xəstəliyi haqda danışıb

Səbinə Cəfərova

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova: “Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu peyvəndlənmədi”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova qızılca xəstəliyi, onun orqanizmdə yaratdığı fəsadlar, müalicəsi və s. haqda danışıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “infeksionist deyib ki, qızılca hava-damcı yolu ilə yayılan və insan orqanizmində bəzi hallarda ciddi fəsadlar törədən bir virusdur. Hava-damcı yolu ilə keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasıdır. S.Cəfərova bildirib ki, qızılca ilə yoluxma bütün yaşlarda baş verə bilər: “Yalnız 1-8 yaş ən həssas qrup hesab edilir. Lakin digər yaş qruplarında olan insanlar da qızılca ilə xəstələnə bilər. Əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər bir qayda olaraq passiv immunitetin olması ilə əlaqədar körpələr qızılca ilə xəstələnmir. Bu immunitet 9 ayından sonra itə bilər. 3 aydan 1 yaşa qədər uşaqlar əsasən bu hallarda qızılca virusuna yoluxa bilər: ana qızılca xəstəliyini keçirməyib və peyvənd olunmayıbsa. Qızılca peyvəndindən sonra orqanizmdə davamlı (təxminən 10-13 il) bu xəstəliyə qarşı immunitet yaranır. Xəstəlik insandan insana keçərək yoluxdurulur. Öskürmə, asqırma, yoluxan şəxslə fiziki təmas xəstəliyin ötürülməsinə səbəb olur. Qızılcaya yoluxan insan asqırdıqda və öskürdükdə havaya yayılan virus 1 saat havada qala bilər. Qızılca virusu sağlam uşağa keçdiyi zaman boğaz ilə burunun birləşdiyi hissəyə daxil olur və limfa düyünlərinə çatır. Oradan isə qan dövranı ilə bədənə yayılır və müxtəlif orqanlarda hüceyrə sisteminə daxil olub çoxalmağa başlayır””.

Həkim qızılcanın burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət, ağız boşluğunun selikli qişasında və yanaqların daxili səthində kiçik boz rəngli ləkələr kimi əlamətləri olduğunu deyib. Həmçinin o, xəstəliyin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına, qulaq və boyun arxasında səpgilərə səbəb ola bildiyini vurğulayıb.

S.Cəfərova qızılcanın orqanizmdə immun sistemini zəiflətdiyini qeyd edib: “Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur. Qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər. Bu xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxardır və göz sağlamlığına təsir göstərir. Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır”.

Həkim əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlər məktəbə, uşaq bağçalarına bu barədə bildirmələrinin tövsiyə olunduğunu deyib.

İnfeksionist onu da bildirib ki, qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə xəstəliyə qarşı immuniteti gücləndirən müalicə aparılır: “Qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir. Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan qaçınmaq həmin narahatçılığı azaltmağa kömək edir. Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar. Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir”.

Sonda həkim qızılcadan qorunmaq haqda məlumat verib: “Qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər”.

Mission News Theme by Compete Themes.