Son yeniləmə: 8 Dekabr 2023 10:41
Vüqar İskəndərov: Dekabrın 7-də əldə edilən razılaşma bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər
BAYRAQDAR MEDİA – “2020-ci il 44 günlük Vətən müharibəsi işğalçı Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Bundan sonra kapitulyasiya aktına imza atan Ermənistan hakimiyyəti üzərinə müəyyən öhdəliklər götürdü. Lakin zaman keçdikcə bu öhdəliklər yerinə yetirilmədi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bunun bir səbəbi Ermənistan hakimiyyətinin daxili xisləti, bu ölkədəki revanşist əhval-ruhiyyə ilə bağlıdırsa, digər səbəbi də bəlli xarici güclərlə əlaqədardır: “Başda Fransa və ABŞ olmaqla bəlli xarici güclər Ermənistanı yenidən müharibəyə sövq etmək üçün dəridən-qabıqdan çıxırlar. Məhz onların qara əməlləri ucbatından bu günə kimi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilməyib. Düzdür, xarici güclər bu sazişin imzalanmasının guya “Ermənistanla Azərbaycanın öz aralarında “dil tapa bilməməsi”, vasitəçilər olmadan masa arxasında otura bilməməsi” nəticəsində mümkün olmadığını iddia edirlər. Lakin dekabrın 7-də baş verən hadisə həmin iddiaları tamamilə puç etdi”.
V.İskəndərovun sözlərinə görə, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılığın əldə edilməsi xarici güclərin “Ermənistanla Azərbaycan vasitəçi olmadan hansısa razılaşma əldə edə bilməz” iddiasının nə qədər əsassız və çürük olduğunu ortaya qoydu. Yəni, bəlli olduğu kimi bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Deməli, bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər. Yetər ki, xarici güclər buna mane olmasınlar, ayaq bağı olmaqdan əl çəksinlər”.