BAYRAQDAR MEDİA – Dekabrın 15-i saat 13:00-da Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi IWS Azerbaijan, IWS Xətai Akvarel Qalereyası və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi ilə Xətai Sənət Mərkəzində Azərbaycanın akvarelist rəssamlarının “Su və rəng ahəngi – 2023” adlı ənənəvi akvarel sərgisi açılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sərgi çərçivəsində dünya şöhrətli akvarelist rəssam Atanur Doğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr edilmiş və iki qardaş ölkə – Azərbaycan və Türkiyənin dostluq və birliyinin rəmzi olaraq akvarel texnikasında demonstrativ ustad dərsi, həmçinin Azərbaycan rəssamları ilə birlikdə dostluq rəmzi olan akvarel performansı göstərəcək. Mövzusu, texnikası və ölçüsü sərbəst olan sərgiyə ümumilikdə 100-dən çox sulu boyaçı rəssam 250-dən çox əsər təqdim edib. Əsərlər əvvəlcədən təyin olunmuş seçim heyətinin bal sistemi ilə qiymətləndirilərək 56 rəssamın 100 əsəri seçilərək ekspozisiyaya daxil edilib”.
Sonra xəbərdə, “müasir dünyada öz aktuallığını qoruyan akvarel əsərlərə Azərbaycanda da istər rəssamlar arasında, istərsə də ictimai maraq baxımından müsbət addımlar nəzərə çarpır. Son illər bu janrda həyata keçirilən müxtəlif formatlı tədbirlər o cümlədən, müsabiqə, sərgi, festival, vorkşop, ustad dərsləri və dəyirmi masa söhbətləri sulu boyaçı rəssamları akvarel texnikası ilə işləməyə həvəsləndirir və bu hərəkətlilik ictimai marağın yüksəlməsini qaçılmaz edir” deyə bildirilir.
Sərgi canlılığı, rəngarəngliyi və diqqətçəkən rəsmləri ilə akvarel üslubunda işlənmiş əsərlərə ictimai marağın artmasına xidmət edəcək.