Son yeniləmə: 8 Dekabr 2023 14:57
Doç. Dr. Fatih Çağatay Baz: Mayın 14-də və 28-də keçirilən seçkilərdə məğlub olan müxalifətin qarşıdan gələn yerli seçkilərdə də xalqın dəstəyini almayacağı gözləniləndir
BAYRAQDAR MEDİA – “Türkiyədə 31 mart 2024-cü ildə yerli seçkilər keçiriləcək. Türk milləti seçkinin nəticələri ilə bələdiyyə başçısı, böyük şəhər bələdiyyə başqanı, bələdiyyə məclis üzvü, il məclis üzvü və muhtarını müəyyən edəcək”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Doç. Dr. Fatih Çağatay Baz deyib.
Onun sözlərinə görə, mart ayında keçiriləcək seçkilər 2023-cü il mayın 14-də keçirilmiş prezident və parlament seçkiləri, həmçinin mayın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonraya təsadüf etdiyi üçün mühüm əhəmiyyət kəsb edir: “Çünki Türkiyədə Milliyetçi Hareket Partisi ve AK Partinin daxil olduğu “Cumhur İttifakı” parlament seçkilərində 49,50 faiz, prezident seçkilərində isə 52,18 faiz səs alaraq müxalifət partiyalarının və bəzi sorğu şirkətlərinin seçkiqabağı açıqlamalarının puç olduğunu göstərdi. Bu mənada seçicilərinə təminat verilməsində problemlər yaşayan müxalifət partiyalarında, xüsusən də Cümhuriyyət Xalq Partiyasında təlatümlər yaşandı, istefalar oldu. 13 il bu partiyanın genel başqanı olmuş Kemal Kılıçdaroğlu öz kreslosunu Özgür Özele təhvil verməli oldu. İYİ Partidə də istefalar hələ də davam edir. Bütün bu hadisələr Türkiyədə “Cumhur İttifakı”na marağın bundan sonra da artacağının göstəricisidir”. Doç. Dr. Fatih Çağatay Baz hesab edir ki, Milliyetçi Hareket Partisi lideri Dr. Devlet Bahçelinin aşağıdakı sözləri məsələnin dəyərləndirilməsi baxımından əhəmiyyətlidir: “14 may və 28 may 2023-cü il tarixlərində əldə edilən demokratik uğuru yerli seçkilərdə daha da gücləndirmək, Türk və Türkiyə əsrinin gedişini sürətləndirmək bizim borcumuzdur. Səy bizdən, tevfik Allahdandır. Cumhubaşqanlıq Hökümət Sistemi ilə yerli özünüidarələrin vahid və inteqrasiyalı quruluşu, mərkəzi hakimiyyətlə səs və nəfəs birliyi sivilizasiyaların və millətlərin mübarizəsində Türkiyəmiz üçün böyük bir imkan olacaq. Bizim millətimizə tam güvənimiz və inamımız var. Mayın 14-də və 28-də məğlub olan müxalifət partiyaları 2024-cü il martın 31-də də uduzacaq və Türkiyənin üfüqlərinin qarşısını almaq cəhdlərinin əvəzini seçki qutusunda ödəyəcəklər. İmperializmə xidmət etməyin acı və ağır nəticələrini zamanı gələndə hamı görəcək”.
Müsahibimiz bildirib ki, mayın 14-də və 28-də keçirilən prezident və parlament seçkilərində məğlub olan müxalifətin qarşıdan gələn yerli seçkilərdə də xalqın dəstəyini almayacağı gözləniləndir. O, qeyd edib ki, “Cumhur İttifakı” 2019-cu il yerli seçkilərində itirilən bələdiyyələri geri qaytarmaq üçün ciddi şəkildə çalışır: “İndiyə qədər Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Milliyetçi Hareket Partisinın sədri Dr. Devlet Bahçelinin göstərişi ilə yerli seçkilərdə əməkdaşlıqla bağlı 8 görüş keçirilib. Bu mənada keçiriləcək yeni toplantılarla prosesin yekunlaşdırılması nəzərdə tutulur, həmçinin ortaq namizədlərlə böyük şəhər, əyalət və rayon bələdiyyələrində qalib gəlinməsi üçün səylər göstərilir. Cumhurbaşkanı Recep Tayyip Erdoğanın “Cumhur İttifakı”nı gücləndirmək və onu gələcəyə daşımaq əzmində olduqlarını vurğulaması, Milliyetçi Hareket Partisi genel başqanı Dr. Devlet Bahçelinin “biz “Cumhur İttifakı” ilə daim birlikdəyik” deməsi yerli seçkilərdə birlik və bütövlük mesajı verir. Bütün bunları nəzərə alsaq, qarşıdan gələn yerli seçkiləri öncəsi müxalifətdə qeyri-müəyyənliklərinin davam etdiyini və “Cumhur İttifakı”nın seçkidə qalib gəlməyə istiqamətləndiyini söyləmək olar”.