Press "Enter" to skip to content

Kuklaçılar qardaş ölkəyə festivala yollanır

Azərbaycan teatrı da bu festivalda təmsil olunacaq

Son yeniləmə: 8 Dekabr 2023 09:20

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Qardaş Türkiyədə keçiriləcək XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalına qatılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə keçiriləcək festival TÜRKSOY təşkilatının 30 illiyi münasibəti ilə türk ölkələrini bir araya gətirəcək. Buna görə də teatr bayramında türkiyəli kukla və uşaq teatrları təmsilçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan da kuklaçılar iştirak edəcəklər. 11-16 dekabr 2023-cü il tarixlərini əhatə edəcək teatr görüşündə UNIMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) və ona üzv 10-a yaxın aparıcı ölkənin nüfuzlu kukla teatrı mütəxəssisləri də qatılacaq və bu yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparacaqlar”.

Sonra xəbərdə deyilir ki, “nüfuzlu teatr festivalında Azərbaycanı təmsil edəcək teatr heyəti türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını göstərəcək. Qeyd edək ki, Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşa uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır. Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir. Padşahın üç oğlundan biri olan Məlikməmməd igidlik göstərərək divlər ilə mübarizə aparıb həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyilə işıqlı dünyaya çıxır”.

Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, Azərbaycanın tarixi zəfəri ilə əlaqələndirməklə ona əlavələr edərək fərqli prizmadan baxmağa çalışıb.

Birhissəli uşaq tamaşasının Azərbaycan dilində səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Böyük bəstəkar Fikrət Əmirovun əsərlərindən istifadə olunan tamaşa ənənəvi kukla üslubunda olsa da, quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil etməyə çalışıblar.

Premyerası 30 sentyabr 2022-ci ildə gerçəkləşdirilmiş tamaşanın müddəti 55 dəqiqədir.

Mission News Theme by Compete Themes.