Son yeniləmə: 8 Dekabr 2023 09:41
“Məqsədimiz Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına bağışladıqları ömürlərini elmi-fəlsəfi əsaslar kontekstində insanlarımıza, gənc nəslə çatdırmaqdır”
BAYRAQDAR MEDİA – “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Gəncə Bölməsində silsilə tədbirlər keçirilir, kitab və digər çap materialları nəşr olunur. Yeni nəşr olunmuş “Ata vəsiyyəti” kitabı da həmin nəşrlər sırasındadır.
AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin 21 noyabr 2023-cü il tarixli 12/3 saylı qərarı əsasında işıq üzü görən kitabın layihə rəhbəri Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, tərtib edənlər Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və şöbə müdiri Təranə Verdiyevadır.
Ə.Muxtarov kitabla bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Biz bu kitabı Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə hazırladıq. Bildirim ki, bu nəşrdən başqa AMEA-nın Gəncə Bölməsində “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görmüş “Heydər Əliyev və Gəncə”, möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitablar, “Ulu Öndər Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” və digər mövzularda konfranslar təşkil edilərək materialları ilə birlikdə nəşr edilib. “Ata vəsiyyəti” kitabında isə Ali Baş Komandan İlham Əliyevin Ulu Öndər Heydər Əliyev və Gəncə şəhəri ilə bağlı söylədiyi fikirlər, görkəmli dövlət və ictimai xadimlərin ölkə başçımız haqqında düşüncələri, 44 günlük Vətən müharibəsində İlham Əliyevin xarici jurnalistlərə verdiyi müsahibələrdən əsas məqamlar verilib. Məqsədimiz Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına bağışladıqları ömürlərini elmi-fəlsəfi əsaslar kontekstində insanlarımıza, gənc nəslə çatdırmaqdır. Bəlkə də fərqində deyilik, ancaq Müzəffər Ali Baş Komandanımızın, şəhidlərimiz, qazilərimizin timsalında, sayələrində çox böyük tarixi günlər yaşayırıq. Bu şanlı tarixi günlərin bir parçası, müasiri olmaq da öz növbəsində ayrıca bir fəxr, qürur və bəxtəvərlikdir”.