Son yeniləmə: 8 Dekabr 2023 09:20
Sammitdə “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı olub
BAYRAQDAR MEDİA – Dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata əsasən, tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı olub: “Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar və vaxtında və məqsədyönlü atılan müdrik addımlarından, bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunub”.
Bildirilib ki, tədbirdə turizmin inkişafı istiqamətində görülən və görüləcək işlərlə bağlı məlumat verilib: “Tədbirdə 2023-cü il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması barədə ətraflı məlumat verilib”.
Məlumata əsasən, həmçinin maddi-mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə “Xınalıq və Köç Yolu Mədəni Landşaftı” maddi-mədəni irs nümunəsinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirildiyi vurğulanıb: “Qeyd olunub ki, yeni və unikal turizm məhsulu kimi Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlər yekunlaşmaq üzrədir. Tədbirdə bildirilib ki, Azərbaycanın turizm potensialının tanıdılması üçün müxtəlif hədəf bazarlarda aparılan marketinq kampaniyaları, il ərzində 17 beynəlxalq sərgidə iştirak, “BBC”, “CNN”, “Euronews”, “National Geographic” kimi beynəlxalq qlobal xəbər portallarında yüzlərlə məqalə yerləşdirilməsi, rəqəmsal və TV reklamlar verilməsi və digər genişmiqyaslı təbliğat tədbirləri üzrə görülən işlər və strateji yanaşma ilə bağlı təqdimatlar həyata keçirilib. Sammit “Azərbaycan turizm sənayesi assosiasiyaları tərəfindən “Sənaye assosiasiyası vasitəsilə turizm sənayesi üçün inkişaf imkanları”, “Azərbaycanın qonaqlama sənayesinin inkişaf perspektivləri”, “Azərbaycanda turizm bələdçiliyi sahəsinin mövcud vəziyyəti və inkişafı” mövzularında çıxışlar ediblər. Daha sonra tədbir “Azərbaycanda yerli turizm bizneslərinin fəaliyyəti – uğurlu təcrübələr” mövzusuna həsr olunan panel diskussiyası ilə davam edib. Sessiyada yerli turizm sahibkarları uğur qazanmış layihələri barədə təcrübələrini bölüşüblər”.