BAYRAQDAR MEDİA – 15 – 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən (ETN) daxil olub.
Xəbərdə deyilir ki, “iki gün davam edəcək qurultayın birinci günündə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularda panel sessiyalar keçiriləcək. Qurultayın ikinci günündə isə “”Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularında panellər olacaq”.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.