Press "Enter" to skip to content

Müxalifət yerli seçkilərə gərginlik fonunda gedir

Hasan Öztürk

Son yeniləmə: 7 Dekabr 2023 11:46

Hasan Öztürk: CHP-nin 2019-cu ildə qazandığı böyük şəhərlərin əhəmiyyətli bir hissəsini bu dəfə itirmək ehtimalı var

BAYRAQDAR MEDİA – “Türkiyədə 2024-cü ildə keçiriləcək yerli seçkilər də, 2023-cü ildə keçirilən parlament və prezident seçkiləri kimi xüsusi önəm kəsb edir. Buna görə də, iqtidar da, müxalifət də bu seçkilərə xüsusi olaraq hazırlaşır”.

Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.

Onun sözlərinə görə, müxalifət düşərgəsində yerrli seçkilərdə iki partiya xüsusi olaraq diqqət mərkəzinə gəlir: “Bunlardan biri İYİ Parti, digəri isə keçmiş HDP, indiki HEDEP-dir. İYİ Parti azad və müstəqil partiya olmaq, yəni CHP-nin təsirindən qurtulmaq üçün fövqəladə səy göstərir. Amma hər cəhddən sonra Meral Akşener və ən yaxın dostları həm CHP, həm də İYİ Partinin özü tərəfindən hücuma məruz qalır”.

Bu, CHP üçün son dərəcə təhlükəli bir qərardır

Qeyd edilib ki, CHP lideri Özgür Özel M.Akşeneri ziyarət etdikdən sonra İYİ Partinin Genel İdari Kurulunun (GİK) 81 vilayətdə namizəd irəli sürülməsinə dair qərarı yenidən müzakirəyə açılıb: “Bu müzakirələrə isə bazar ertəsi keçirilən iclasda yekun vurulub. M.Akşener 50 nəfərlik GİK-in iclasında seçkilərə təkbaşına, yoxsa hansısa partiya ilə ittifakda gedilməsinə dair keçirilən səsvermə zamanı bitərəf qalıb. Seçkilərə sərbəst və müstəqil şəkildə qatılmaq qərarı 14 əleyhinə 35 lehinə olmaqla qəbul edilib. Bu, CHP üçün son dərəcə təhlükəli bir qərardır”.

H.Öztürkün sözlərinə görə, bu, başda İstanbul, Ankara, Mersin, Adana, bəlkə də İzmir və Antalyada CHP-ni çətin vəziyyətə salacaq bir qərardır: “Bunu nümunə göstərmək üçün deyirəm. İYİ Partinin İstanbulda 7,08 faizlik seçici bazası vardır. Əgər CHP həmin seçicilərin yarısını inandırıb öz lehinə çevirsə belə, bu partiyanın namizədini, yəni Ekrem İmamoğlunu qalib gəlməsi üçün yetirli olmayacaq. Buna HEDEP-in də öz namizədi ilə seçkiyə qatıla bilmə ehtimalını əlavə etsək, CHP üçün durum daha da kritikləşmiş olur”.

CHP-ni Ankarada da buna oxşar təhlükə gözləyir

Vurğulanıb ki, CHP-ni Ankarada da buna oxşar təhlükə gözləyir: “Yenə İYİ Parti Ankarada təxminən 12 faiz səsə malikdir. CHP bu səslərin yarısını razı salsa belə Mansur Yavaşın timsalında CHP-nin Ankarada qalib gəlmə şansı yenidən azalır. Yuxarıda da qeyd etdiyimiz kimi bu sırada HEDEP faktorunu da unutmaq olmaz. Çünki bu partiyanın təmsilçiləri “Seçkilərə öz namizədlərimizlə iştirak etmək imkanını müzakirə edirik” deyə açıqlama veriblər. Qısası, onlar İstanbul, Ankara, Mersin və Adanada öz namizədlərini irəli sürərsə, xüsusən də bir güclü namizəd irəli sürərsə, CHP-nin qazanmaq şansı olmayacaq”.

Bildirilib ki, müxalifətin vəziyyəti belədir: “Millet İttifakı” artıq mövcud deyil, “Altılı Masa” da artıq mövcud deyil. Hər bir partiya təkbaşına seçkilərə qatılmağı düşünür. İYİ Parti qərarlarında qətiyyətli qalarsa və HDP-də namizəd irəli sürərsə, CHP-nin 2019-cu ildə qazandığı böyük şəhərlərin əhəmiyyətli bir hissəsini itirmək ehtimalı var”.

“Cumhur İttifakı”nda hər hansı çat yoxdur

H.Öztürük hesab edir ki, “Cumhur İttifakı”nın vəziyyəti isə daha aydındır: “Burada AK Parti sədr müavini Efkan Ala və MHP sədr müavini Fethi Yıldızın rəhbərlik etdiyi işçi qrupları çalışır. AK Parti Manisa, Adana və bir neçə başqa İldə MHP-nin namizədini dəstəkləyə bilər. Daha sonra isə MHP-dən öz namizədlərinə dəstək istəyə bilər. Yəni tərəflər arasında güclü iş gedir və “Cumhur İttifakı”nda hər hansı çat yoxdur”.

“Cumhur İttifakı”nın kiçik tərəfdaşlarının nə edəcəklərinə gəlincə, H.Öztürk deyib ki, Yeniden Rifah Partiyasının bazarlıq gücünü artırmaq üçün bəzi tələbləri var: “Amma ümumilikdə “Cumhur İttifakı”nın iki maraqlı tərəfi AK Parti və MHP yenidən ahəngdar bir iş mühiti yaradıb. Xüsusilə İstanbul və Ankarada namizədlərini ən qısa zamanda açıqlayacaqlar. Qısası yerli seçkilərə gedərkən bu mənzərə mövcuddur”.

Mission News Theme by Compete Themes.