Press "Enter" to skip to content

Rusiya-Ukrayna müharibəsi əvvəlki populyarlığını itirib

Dr. Yücel Karauz

Son yeniləmə: 6 Dekabr 2023 16:11

Dr. Yücel Karauz: Volodimir Zelenskinin uğur əldə edə bilməməsi hərbi mentalitetin ona qarşı çıxmasına təkan verə bilər

BAYRAQDAR MEDİA – “Rusiya-Ukrayna müharibəsi artıq arxa fona keçib. Buna səbəb isə İsrail-Həmas toqquşması, Afrikada cərəyan edənlər, Tailand və Çin arasındakı gərginliyin yüksək həddə çatması və digər qlobal proseslərdir. Bütün bunların fonunda Rusiya-Ukrayna müharibəsi əvvəlki populyarlığını itirib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, hazırda bu savaş Ukrayna üçün də, Rusiya üçün də uğursuzluqlarla zəngindir: “Digər tərəfdən Batı da artıq Ukraynanı “ərköyün uşaq” kimi qəbul etməkdən vaz keçir. Hər halda Batı Ukraynanın davamlı olaraq silah-sursat, böyük hərbi texnika, döyüş təyyarəəri istəməsindən bezib. Ona görə də Ukraynaya təmannasız hərbi yardımlar tədricən aradan qalxır. Vəziyyət o həddə çatıb ki, BMT tədbirində iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski “madam ki, hərbi yardım etmirsiniz, heç olmasa kredit verin. Müharibədən sonra biz bu krediti ödəyərik” şəklində təkliflə çıxış edib”.

Bildirilib ki, Ukraynada son vaxtlar ortaya çıxan siyasi gərginlik, hərbi elitanın hakimiyyəti dəyişmək istəməsinə dair yayılan məlumatlar da məhz bu uğursuzluqlardan qaynaqlanır: “Bu gərginliklər V.Zelenskinin hakimiyyətinə son qoyulması ilə nəticələnə bilər. Yəni bu ehtimalın reallaşması mümkün ola bilər ki, bu da təbiidir. O baxımdan ki, hərbi və siyasi uğursuzluğun olduğu hər bir ortamda siyasi iqtidarlara qarşı hərbi təzyiqlərin və hərbi çevrilişlərin olması tamamilə mümkündür. Bu cür təcrübələr dünyanın müxtəlif yerlərində dəfələrlə olub. Dolayısı ilə V.Zelenskinin uğur əldə edə bilməməsi hərbi mentalitetin ona qarşı çıxmasına təkan verə bilər. Nəzərə alsaq ki, yaxın müddətdə V.Zelenskinin hər hansı uğur qazanmaq şansı inadırıcı görünmür. Yəni soyuq qış aylarında Ukrayna ordusunun hər hansı uğur qazanması mümkün görünmür. Buna görə də V.Zelenskinin iqtidarını itirmək təhlükəsinin olduğunu söyləmək yanlış olmaz”.

Mission News Theme by Compete Themes.