Son yeniləmə: 6 Dekabr 2023 10:58
Elçin Mirzəbəyli: Bu Azərbaycanın müstəmləkəçi Fransa tərəfindən əzilən xalqlara verdiyi mənəvi dəstəyə görə minnətdarlığın və neokolonializmə qarşı mübarizədə həmrəyliyin nümayişidir
BAYRAQDAR MEDİA – “Azərbaycanın müstəmləkəçiliyə və onun hər cür təzahürlərinə, o cümlədən neokolonializmə qarşı mübarizənin ön cərgəsində yer alması, ölkəmizin bəşəriyyətin gələcəyi ilə bağlı qlobal məsuliyyətini dərk etməsindən, klassik dövlətçilik ənənələrinə, humanizm prinsiplərinə sadiqliyindən qaynaqlanır”.
Bunu Yeni Kaledoniyanın paytaxtı Numeada ölkənin müstəqilliyi və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən keçirilən etiraz yürüşü BAYRAQDAR MEDİA-ya üçü özəl dəyərləndirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
Məlumat üşün bildirək ki, etiraz yürüşü keçirən Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişini onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildiriblər. Xüsusilə silahlı qüvvələr naziri S.Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxıblar. Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risklər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır. Kaledoniyada fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın bu ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndiriblər. Buna görə də nümayiş kortecində Azərbaycan Bayrağı dalğalanıb.
Öz növbəsində E.Mirzəbəyli deyib ki, uzun illərdən sonra, müstəmləkəçiliyə qarşı mübarizənin yenidən, həm də sistemli bir şəkildə vüsət almasında, fransız neokolonializmdən əziyyət çəkən xalqların öz azadlıqları uğrunda sivil mübarizəyə başlamalarında Azərbaycanın xidmətləri böyükdür və tarixi əhəmiyyət daşıyır: “Ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə “Bandunq prinsipləri”nin yenidən gündəmə gəlməsində, sivil bəşəriyyətin üz qarası olan neokolonializm və neoimperializmə qarşı açıq çağırışların və mübarizənin günün tələbinə çevrilməsində müstəsna rolu var. Kaledoniyada fəaliyyət göstərən siyasi partiyaların nümayişində Azərbaycan bayrağının dalğalanması ölkəmizin müstəmləkəçi Fransa tərəfindən əzilən xalqlara verdiyi mənəvi dəstəyə görə minnətdarlığın və neokolonializmə qarşı mübarizədə həmrəyliyin nümayişidir”.