BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına Türkiyədə yeni nəşr olunan “Türk dövlətləri iqtisadiyyatı” kitabı daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.
Xəbərdə bildirilir ki, “kitab İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. İki hissədən ibarət olan kitab TDT-də təmsil olunan 7 ölkədən 35-dən çox müəllifin iştirakı ilə yazılıb. Birinci hissə Türk dövlətlərinin iqtisadiyyatı barədə ümumi, ikinci hissə isə hər bir ölkənin son 10 ildə qeydə alınmış iqtisadi göstəricilərinə dair spesifik məlumatlardan ibarətdir. Məlumatlar bir neçə istiqamət üzrə qruplaşdırılıb, türk dünyası ölkələrinin iqtisadiyyatı makro və mikro səviyyədə təhlil edilib. Kitabda türk dövlətlərinin çoxtərəfli ticarətinə təsir edən amillərə “Qravitasiya modeli” əsasında yanaşılıb, Zəngəzur Dəhlizinin Orta Asiya və Güney Qafqaz regionu ölkələrinin perspektivinə və qarşılıqlı iqtisadi münasibətlərinə təsiri təhlil olunub. Həmçinin “Qraflar nəzəriyyəsi”nə istinad etməklə türk dünyasında birbaşa xarici investisiya və ticarət dinamikasının təhlili aparılıb. Bundan başqa, türk dövlətlərinin iqtisadi əməkdaşlığının institusional əsasları “Türk dünyası 2040 vizyonu” kontekstində araşdırılıb”.
Qeyd edək ki, kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, Prof. Vüsal Qasımlıdır. Kitaba ön sözü TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev yazıb.
Sözügedən nəşr tələbələr, magistrantlar və siyasətçilər, həm də türk dünyası alimləri üçün dəyərli mənbədir.