Son yeniləmə: 5 Dekabr 2023 11:40
BAYRAQDAR MEDİA – “Mən Azərbaycan xalq musiqisini çox sevirəm, ölkənizin xalq ifaçılarına böyük hörmətim var”.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Xalq artisti Roza Rımbayeva deyib.
O, bu dəfə Bakıya Qazaxıstanın Azərbaycanda Mədəniyyət Günlərində iştirak etmək üçün gəldiyini deyib: “Bugünkü səfərim mənə Bakıya ötən səfərimi xatırlatdı. O vaxtdan bəri şəhər tanınmaz dərəcədə dəyişib və ultra-müasir olub. Burada olduğuma görə çox məmnunam”.
Roza Rımbayeva bildirib ki, o, sovet dövründə Bakıya dəfələrlə səfər edib: “Mənim Azərbaycanda çoxlu dostlarım var idi, onlardan Müslüm Maqomayevi, mahnılarını ifa etdiyim Polad Bülbüloğlunun adını çəkə bilərəm. Sonuncu dəfə mən onun Heydər Əliyev Sarayında keçirilən yubiley-konsertinə gəlmişəm”.
Sənətçi bir müddət əvvəl Qazaxıstanda “Bahar” Azərbaycan ansamblının konsertinin tam anşlaqla keçdiyini də vurğulayıb. Qeyd edib ki, tamaşaçılar ansamblın ifasını hərarətlə qarşılayıblar, artistləri gurultulu alqışlarla mükafatlandırıblar.