Son yeniləmə: 5 Dekabr 2023 15:10
Aida Balayeva: Əminəm ki, bu sərgi iki qardaş xalqın mənəvi yaxınlaşması missiyasını yerinə yetirəcək
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyəti Günləri keçirilib.
Mədəniyyət Günləri çərçivəsində dekabrın 4-də Heydər Əliyev Mərkəzində qazaxıstanlı rəssamların əsərlərindən ibarət sərgi keçirildi.
Açılışda da qeyd edildiyi kimi sərginin ekspozisiyasında müxtəlif janrlarda və üslublarda işləyən qazaxıstanlı rəssamların nadir əsərləri nümayiş olunur. Vurğulamaq yerinə düşər ki, sərgilənən əsərlər Qazaxıstan mədəniyyətini, o cümlədən türk tarixini və adət-ənənəsini özündə əks etdirir.
Sərginin açılışında çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva bildirdi ki, sərgi ortaq kökləri, böyük keçmişi ilə haqlı olaraq fəxr edən, birgə səylərlə layiqli gələcək quran, təkcə öz ölkələrində deyil, bütün regionda sülh və firavanlığa can atan iki xalqın dirçəlişinin mənəvi vizuallaşdırılmasıdır: “Bu gün rəssamların gözü ilə təmsil olunan mənəvi sərvəti sözlə ifadə edə bilmək çətindir. O əsərləri ürəklə görmək lazımdır. Ekspozisiyada təsviri incəsənətin ənənəvi formaları ilə yanaşı, yeni instalyasiya növləri, doqquz qazaxıstanlı müəllifin art-obyektləri təqdim olunur. Hər əsər özünəməxsusdur və maraqlıdır. Əminəm ki, bu sərgi iki qardaş xalqın mənəvi yaxınlaşması missiyasını yerinə yetirəcək”.
Sonra qonaqlar zəngin ekspozisiya ilə tanış oldular. Tanışlıq zamanı Milli Məclisin sədri Sahibə Qafarovaya Azərbaycan şairəsi Xurşidbanu Natəvanın təsvir olunduğu xalça hədiyyə edildi.