Press "Enter" to skip to content

Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb

Konsertdən görüntü

BAYRAQDAR MEDİA – Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində dekabrın 4-də Heydər Əliyev Mərkəzində sərgi və qala-konsert keçirilib.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbirdə Milli Məclisinin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva və digər rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Öncə mərkəzdə qazax mədəniyyətini özündə əks etdirən sərginin açılışı olub. Nazir A.Balayeva çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Bildirib ki, dost ölkələr olaraq Azərbaycan və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda sülhə nail olmağa çalışıb. Xanım nazir çıxışından sonra üzərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın rəsmi olan xalçanı S.Qafarovaya hədiyyə edib”.

Daha sonra HƏM-nin böyük zalında mədəniyyət günlərinin qala-konserti olub.

Əvvəlcə səhnəyə çıxan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva deyib ki, iki ölkə arasında əlaqələr xalqların qardaşlığı ilə yanaşı, dövlət başçıların dostluq münasibətləri üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqları bir-birinə daha da yaxınlaşdıracaq.

Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu, adının əbədiləşdirildiyini deyən xanım nazir, eyni zamanda dahi şair Məhəmməd Füzulinin, Azərbaycanda da böyük qazax siyasi və ədəbiyyat xadimlərinin adını daşıyan küçələrin olduğunu diqqətə çatdırıb.

Daha sonra Qazaxıstan incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Rəqs, vokal və milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bununla da 2-4 dekabr tarixlərində Azərbaycanda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri yekunlaşıb.

Mission News Theme by Compete Themes.