Son yeniləmə: 5 Dekabr 2023 15:15
BAYRAQDAR MEDİA – Böyük Britaniyada yaşayan və müxtəlif sahələr üzrə ixtisaslaşmış azərbaycanlı mütəxəssislərin və iş adamlarının 1-ci forumu keçirilib. Tədbir “PAKA” şirkətlər qrupunun təşkilatçılığı ilə İngiltərənin Berkşir bölgəsində elit məkanlardan biri olan “Cliveden House” otelində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycnaın Birləşmiş Krallıqdakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “Forumda turizm, logistika, hüquq, informasiya texnologiyaları (IT), təhsil, incəsənət, maliyyə və digər sahələr üzrə Birləşmiş Krallıqda çalışan azərbaycanlı mütəxəssislər və iş adamları iştirak edib.
Açılış nitqi ilə çıxış edən “PAKA” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Namiq Mirzəməmmədov Britaniyada çalışdıqları sahələr üzrə uğur qazanmış çoxsaylı həmvətənlərimizin olduğunu bildirib. O, bu tədbirin keçirilməsində məqsəd onların bir araya gətirilməsi, öz təcrübələrini bölüşməsi, biznes imkanlarının inkişaf etdirilməsi, eləcə də onların Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin inkişafında fəal iştirakının təmin edilməsindən ibarət olduğunu deyib. Çıxış zamanı həmçinin “Paka” şirkətlər qrupunun logistika sahəsi üzrə fəaliyyəti barədə məlumat verilib, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhlizin perspektivləri barədə danışılıb. O, Ələt Azad İqtisadi Zonasında yaradılmış ticarət imkanlarının dünyada unikal xarakter daşıdığını qeyd edib və bunun Azərbaycanda həyata keçirilən islahatların bariz nümunəsi olduğunu vurğulayıb”.
Məlumata əsasən, Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov tədbirə fəxri qonaq qismində dəvət olunub: “Səfir çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, bu qədər müxtəlif sahələr üzrə uğur qazanan həmvətənlərimizi görməyin fərəhverici olduğunu qeyd edib və hər bir azərbaycanlının uğurunun həm də dövlətimizin uğuru olduğunu vurğulayıb. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qüdrətli dövlətə çevrildiyini, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini vurğulayıb. Səfir çıxışında Qarabağda və digər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib, bu ərazilərdə xarici və yerli investorlar üçün infrastruktur, yaşıl enerji, kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə güzəştli şərtlərlə biznes imkanlarının yaradıldığını diqqətə çatdırıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çeviriləcəyini bildirən səfir, ölkəmizin bərpa olunan enerji üzrə potensialından söhbət açıb və ölkəmizin yaşıl enerji dəhlizi vasitəsilə Avropa ilə yaşıl enerji mübadiləsi aparmaq niyyəti olduğunu vurğulayıb”.
Çıxış zamanı həmçinin cari ilin 10 noyabr və 13 noyabr tarixlərində Britaniya Azərbaycan Ticarət Palatasının (BCCA) təşkilatçılığı ilə London şəhərində Britaniyada biznes qurmaq istəyən azərbaycanlı iş adamları üçün və Azərbaycanda biznes qurmaqda maraqlı olan britaniyalı iş adamları üçün dəyirmi masaların təşkil edildiyi qeyd olunub: “Bu kimi tədbirlərin iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bundan əlavə, Azərbaycanda və Böyük Britaniyada biznesin yaradılması və inkişaf etdirilməsi barədə maarifləndirici işlərin aparılmasının vacibliyi vurğulanıb. Səfir Azərbaycan həqiqətlətrinin dünyaya çatdırılmasında həmvətənlərimizin fəal iştirak etməsinin vacibliyinə toxunub. O, bu xüsusda tədbirdə iştirak edən Fərəh Qreiqin sosial şəbəkələrdə fəallığı ilə seçildyini qeyd edərək ona təşəkkürünü bildirib. Səfir həmçinin Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbinin diaspor nümayəndələrimizin övladlarının milli ruhda yetişməsi üçün fəaliyyətini alqışladığını vurğulayıb və bu məktəbdə könüllü əsasda müəllim kimi çalışan Səbinə Quliyevaya, Rauf Xəlilova və Səbinə Rakçeyevaya təşəkkürünü bildirib”.
Səfir fürsətdən istifadə edərək cari ilin 25 may tarixində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Böyük Britaniyanın tarixi, memarlıq və mədəniyyət ocağı, dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə milli musiqimizin yüksək səviyyədə təqdimatına görə skripkaçı Səbinə Rakçeyevaya və Nəzrin Rəşidovaya və digər musiqiçilərə təşəkkürünü bildirib.
Daha sonra forum Britaniya Avropa Azərbaycan Məktəbinin təsisçisi Səbinə Quliyevanın moderatorluğu ilə panel müzakirələrlə davam edib.
Tədbir zamanı həmçinin səfirliyin konsulluq xidmətləri və səfirlik tərəfindən elektron növbə portalının istifadəyə verilməsi barədə məlumat verilib. Bununla yanaşı, “ASAN Viza” rəsmi elektron viza portalının istifadəyə verilməsinin ölkəmizin turizm sektoruna verdiyi töhfə və turistlərin Azərbaycana cəlb edilməsinin vacibliyi barədə söhbət açılıb. İştirakçılar elektron viza portalının istifadəyə verilməsindən sonra viza verilməsi prosesisinin asanlaşmasından məmnunluqlarını ifadə ediblər.