Press "Enter" to skip to content

Aida Balayeva: Biz həmişə bir-birimizin qələbələrinə sevinmişik

Aida Balayeva jurnalistlərə açıqlama verərkən

Son yeniləmə: 5 Dekabr 2023 11:39

BAYRAQDAR MEDİA – “Azərbaycanda keçirilən Qazaxıstan Mədəniyyət Günləri və gələn il Qazaxıstanda keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri iki ölkə arasında mədəni-humanitar əlaqələrə yeni təkan verəcək”.

Bunu Bakıda jurnalistlərə açıqlamasında Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva deyib.

O yaranmış fürsətdən istifadə edərək Azərbaycan xalqına təbrikini çatdırmaq istədiyini deyib: “Mən sizin simanızda bütün Azərbaycan xalqını ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik etmək istəyirəm. Biz həmişə bir-birimizin qələbələrinə sevinmişik, çətin anlarda həmrəy olmuşuq. Bu gün dil və mədəni yaxınlığımız əlaqələri bütün sahələrdə inkişaf etdirməyə imkan verir. İndi prezidentlərimizin razılaşmalarına əsasən, Azərbaycanda Qazaxıstanın Mədəniyyət Günləri keçirilir, gələn il isə Qazaxıstanda Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək”.

A.Balayeva qeyd edib ki, Bakıda keçiriləcək qala-konsertdə Qazaxıstanın ən yaxşı qrupları və ifaçıları çıxış edəcəklər. “Ümumiyyətlə, bu günlər xalqlarımızın bir-birini daha da yaxından tanımasına, bədii kollektivlərin əlaqələrinin qurulmasına imkan yaradıb”.

O, həmçinin Azərbaycan Prezidentinin Administrasiyasında və mədəniyyət naziri Adil Kərimli ilə keçirilən görüşləri də diqqətə çatdırıb: “Bu günlərdə keçirilən tədbirlər bir-birimizi daha yaxından tanımağa şərait yaratdı. Həmçinin, mən bu gün Prezident Administrasiyası səviyyəsində və həmkarım mədəniyyət naziri ilə görüş keçirdim. Biz mədəni – humanitar sahədə əməkdaşlığa dair konkret addımlar planını müzakirə etdik. Burada söhbət təkcə mədəni tədbirlərin, media tədbirlərinin təşkilindən getmir, həmçinin biz muzey işinin təşkilində təcrübə mübadiləsi barədə danışdıq, kitabxana, kinematoqrafiya sahəsində də əməkdaşlığı müzakirə etdik. Əməkdaşlarımızın bilik və bacarıqlarını artırmaq, təcrübə mübadiləsi aparmaq çox vacibdir. Mən düşünürəm ki, gələn ildən etibarən bizim əməkdaşlığımızın daha səmərəli bir dövrü başlayacaq. Görürük ki, artıq konkret planlar var, ölkələrimizin müxtəlif kollektivləri və dövlət qurumları tərəfindən təşkil edilən görüşlər zamanı biz təkcə nailiyyətləri deyil, mədəniyyət və informasiya sahəsində olan müxtəlif problemli məsələlərin də həlli istiqamətində müzakirələr aparacağıq”.

Mission News Theme by Compete Themes.