Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Nahid Məhərrəmov: “Xroniki yorğunluğu aradan qaldırmaqda düzgün qidalanma, zərərli vərdişlərdən çəkinmə və fiziki aktivlik olduqca önəmlidir”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Nahid Məhərrəmov yorğunluq, onun səbəbləri, xroniki yorğunluq sindromunun müalicəsi və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “terapevt öncə yorğunluğun nə olduğu haqda danışıb. Qeyd edib ki, gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır: “Əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir. Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və 6 ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Hər hansı xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır””.
Sonra xəbərdə, “N.Məhərrəmov qanazlığı olan insanlarda əsasən yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunduğunu qeyd edib. Eyni zamanda o, qalxanabənzər vəz xəstəliklərində, şəkər xəstəliyi və insulin müqaviməti zamanı, ağciyər və qaraciyər xəstəliklərinin çoxunda yorğunluq göründüyünü bildirib. Bunlardan başqa o vurğulayıb ki, hərəkətsizlik, həddindən artıq fiziki əməklə məşğul olmaq, xroniki stres və depressiya, arıqlamaq üçün pəhrizlər, antidepressant qəbulu, siqaret çəkmək və spirtli içki qəbulu, xolestrol düşürücü dərmanların istifadəsi, normal qidalanmama, vitamin və mineral çatışmazlığı, burun tənəffüsü problemləri də yorğunluğa səbəb olur.” deyə bildirilir.
Mütəxəssis xroniki yorğunluq sindromunun diaqnozunun necə qoyulduğu haqda da danışıb: ”Xroniki yorğunluq sindromunun diaqnozu psixoloq, psixiatr və sahəyə uyğun digər həkimlərin birgə müayinəsi nəticəsində qoyulur. Öncə xəstədə olan şikayətlərin digər bir xəstəliklə əlaqəsinin olub-olmadığını araşdırmaq üçün lazım olan bütün müayinələr aparılmalıdır. Xəstədən toplanan anamnez xroniki yorğunluq sindromunda çox önəmlidir. Xroniki xəstəliklər, eləcə də valideynlərdən genetik olaraq keçən xəstəliklər hərtərəfli araşdırılmalıdır”.
Terapevt xroniki yorğunluq sindromunun müalicəsi barədə qeyd edib ki, bu zaman hər bir xəstəyə özəl müalicə yanaşması seçilməli, ilk növbədə psixoloji dəstək verilməli, çox düşünməkdən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır. O bildirib ki, gün ərzində yarım saat sürətli yerimək və 1.5-2 litrə qədər su içmək önəmlidir. Həmçinin iş mühiti və istirahəti düzgün qurulmalı, qısa müddətli və tez-tez dincəlmə mühiti yaradılmalı olduğunu deyib.
Sonda xəstənin qidalanması haqda da danışaraq pasientin düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməli olduğunu vurğulayıb: “Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədə uyğundur”.
Mütəxəssis eyni zamanda müalicə boyunca xəstənin hər addımda yaxşılaşacağı ilə motivasiya edilməli olduğunu da qeyd edib.