BAYRAQDAR MEDİA – Dekabrın 4-də Azərbaycan mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan qardaş Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “nazir A.Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 dekabr tarixlərində Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı Azərbaycana səfərə gəlib. Görüşdə A.Kərimli iki ölkə arasında əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri, dövlət başçıları tərəfindən əsası qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. A.Kərimli mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb”.
Sonra A.Balayeva da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirərək qeyd edib ki, iki ölkə arasındakı dostluq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə də münbit zəmin yaradıb. Eləcə də o deyib ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlar, xüsusən də dövlət başçılarının etibarlı və davamlı dostluğu mühüm rol oynayır. A.Balayeva intensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsiri olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.