Son yeniləmə: 4 Dekabr 2023 09:40
Beynəlxalq Muğam Mərkəzində qardaş Qazaxıstanın “HasSak” ansamblının konserti olub
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, 2-4 dekabr tarixlərində Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir. Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət günlərinin açılışı oldu.
Qazaxıstanın “HasSak” etno-folklor ansamblının solo konserti ilə gerçəkləşdirilən açılış mərasimi maraqlı məqamlarla yadda qaldı və böyük coşqu ilə qarşılandı. Bunun da səbəbi “HasSak”ın Azərbaycan üçün repertuarına türklük ruhunu, Turan sevdasını əks etdirən mahnıları daxil etməsi idi. Bu barədə bir qədər sonra.
Alim Bayel: Azərbaycan və Qazaxıstanı ortaq mədəniyyətlər birləşdirir
Hələlik isə qeyd edək ki, diplomatik korpusun nümayəndələrinin, Mədəniyyət Nazirliyinin əməkdaşlarının, mədəniyyət və incəsənət xadimlərinin, musiqisevərlərin və media təmsilçilərinin iştirak etdiyi mərasimdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel iki ölkə arasında mədəni əlaqələrin qədim tarixə malik olduğunu dedi.
Səfir bildirdi ki, türksoylu xalq olaraq Azərbaycan və qazax xalqlarını ortaq mədəniyyət birləşdirir:“Azərbaycan və Qazaxıstanı ortaq mədəniyyətlər birləşdirir. İncəsənətimizin və mədəniyyətimizin zəngin olması çox sevindirici haldır. Belə tədbirlərin keçirilməsi bizlər üçün də çox önəmlidir. Siz çıxış edəcək ansamblda milli mədəniyyətimizin dərinliklərini duyacaqsınız”.
A.Bayel, həmçinin “”Mədəniyyət günləri çərçivəsində 4 dekabradək Azərbaycanda “Qaragöz” tamaşası, qazax rəssamların sərgisi və incəsənət ustalarının iştirakı ilə qala-gecə təqdim olunacaq. Qarşınızda çıxış edəcək etno-folklor ansamblı milli mədəniyyətimizin özəlliklərini sizlərə təqdim edəcək” dedi.
Oleq Əmirbəyov: Bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi vacibdir
Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov isə dedi ki, iki ölkə arasında əlaqələr, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf edib: “Bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi vacibdir”.
Çıxışlardan sonra “HasSak” etno-folklor ansamblının konserti təqdim edildi. Beləliklə, qardaş ölkənin ansamblı azərbaycanlılara türklük ruhu, Turan sevdası üzərində köklənən musiqilər təqdim etdi. Beş üzvdən ibarət ansambl 30 milli alətdə ifa edən ansambl eyni zamanda milli kukla teatrı ənənələrindən istifadə edərək tamaşaçıların sürəkli və uzunmüddətli alqışını qazandı.
“Turan pələngi”, “Orteke”, “Hassaknamə”…
Bu musiqilərdən bir neçəsi barədə qısa da olsa məlumat verməyi vacib saydıq. Məsələn, ansamblın təqdim etdiyi mahnılardan biri “Turan pələngi” adlanır. Bu da təsadüfi deyil. Belə ki, XX əsrin birinci yarısında, Qazaxıstanın Sırdərya və Balxaş vilayətlərinin yaxınlığında, pələngin bir növü yaşayıb. Onu “Orta Asiya pələngi” və ya “Turan pələngi” adlandırırdılar. Təəssüf ki, 1952-1954-cü illərdə bu pələng növü Qazaxıstan torpağından yoxa çıxıb. Qazax xalqı bu pələngləri öz kompozisiyalarında, şeirlərində tərifləyir, onların xüsusi cəsarətini, əzmkarlığını, əsl ovçu olmaq, öz torpaqlarının qüdrətli ağaları olmaq bacarığını vurğulayır.
Başqa bir musiqi isə “Ansau” adlanır. “Ansau” HasSak”ın ən yaxşı əsərlərindən biridir.
“Ansau”nun konkret mövzusu yoxdur. Yəni, konkret bir mövzu olmadan mahnı yalnız simvolik mesaj verir. Bu parçanı dinləməklə hər kəs həyatında baş verən hadisələri və ya həsrətini çəkdiyi, xəyal etdiyi, nostalji hiss etdiyi hadisələri xatırlaya bilər.
“Orteke” isə milli kukla teatrı ənənələrindən istifadə edilərək ərsəyə gətirilib. Bu muqisi əsəri regionun, xüsusilə də Qazaxıstanın təbiətində mövcud olan heyvanları tərənnüm edir. Əsasən kiçik yaşlı seyrçilər üçün nəzərdə tutulsa da, böyüklərin də marağını cəlb edir.
Ansambl “Kurmanqazı” kompozisiyasını isə görkəmli dombra ifaçısı, bəstəkar Kurmanqazı Saqırbayulıya həsr edib.
Bu bəstənin adı isə həm “HasSak” qrupu, həm də qazax xalqı üçün böyük önəm kəsb edir. “Hassaknamə” sözləri hər dəfə yeni mənalarla dolu olan və nəsildən-nəslə ötürülən əsl sakların, yəni irsin yazısı deməkdir.
Sonda onu da qeyd edək ki, 2013-cü ildə yaradılan ansambl ötən illər ərzində xalq musiqisi sahəsində bir çox nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə “World folk vision” beynəlxalq müsabiqəsinin Qran-pri, “Central Asia Got Talent” beynəlxalq istedad müsabiqəsinin “Qızıl düymə” mükafatının sahibidir.
Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı “Qaragöz” tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib. Dekabrın 4-də isə Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq, dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.