Fuad Nağıyev: Azərbaycanda dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir
BAYRAQDAR MEDİA – “İqtisadi Əməkdaşlıq Təşkilatı ilə uğurlu tərəfdaşlıq münasibətlərimiz mövcuddur və bu əməkdaşlığın turizm, eləcə də turizm təhsili üzrə inkişaf etdirilməsini yüksək qiymətləndiririk”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.
Agentlik sədri bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinə xüsusi önəm verir.
O da qeyd edilib ki, turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir: “Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə turizminin inkişafına hər zaman öz dəstəyini hiss etdirir. Əsas məqsədimiz Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda, ölkədən xoş hisslərlə ayrılırlar”.