Son yeniləmə: 4 Dekabr 2023 12:06
“Zəngəzur Azərbaycanın qədim torpağıdır” bu sahədə digər ziyalılarımıza bir stimul ola bilər
BAYRAQDAR MEDİA – 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqları düşmən işğalından azad edildi. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri idi. Özü də bu, təkcə indiki dövr üçün deyil, ümumilikdə son 200 illik tarixdə qazandığımız tarixi zəfər idi. İlk dəfə idi ki, Azərbaycan düşmənlə savaşdan torpaq itirmədən çıxırdı. İlk dəfə idi ki, Azərbaycan itirilmiş, işğal edilmiş torpaqlarını düşmən tapdağından azad edirdi. Bu, həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəsiyyətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirilməsi idi.
Yeni məqsədlərin reallaşdırılmasına doğru
Lakin bu da son olmadı. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tamamilə bərpa edildi.
Bu gün isə qalib Azərbaycan yeni-yeni uğurlara, yeni məqsədlərin reallaşdırılmasına doğru inamla irəliləyir.
Bundan əvvəl olduğu kimi, sonrakı mərhələdə də qarşıya qoyulan vəzifələrin, böyük öyüd-nəsihətinin uğurla yerinə yetiriləcəyinə kimsənin şübhəsi yoxdur.
Biz gələcək nəsillər üçün yol açmalıyıq
Nəsihətdən söz düşmüşkən, Ulu Öndər Heydər Əliyevin Zəngəzurla bağlı arzularının, nəsihətinin də yerinə yetirilməsi üçün davamlı addımlar atılır. Layihə rəhbəri və müəllifi Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva olan “Zəngəzur Azərbaycanın qədim torpağıdır” kitabı da bu istiqamətdə atılmış addımlardan biridir.
Təqdimat mərasimində müəllifin də qeyd etdiyi kimi, kitabın yazılması zamanı Ulu Öndər Heydər Əliyevin ziyalılar qarşısında qoyduğu “Bundan sonra elə kitablar yaranmalıdır ki, o kitablar Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq” tələbi də əsas götürülüb.
Ruhəngiz Əliyeva: Bu tələbin yerinə yetirilməsini mənəvi borc hesab edirik
“Bu tələbin yerinə yetirilməsini mənəvi borc hesab edərək vətənimizin və dövlətimizin qarşısında ziyalı borcunu zərrədə olsa yerinə yetirmək üçün bu kitabı hazırlayıb, Azərbaycan gəncliyinə, eyni zamanda dünya gəncliyinə təqdim edirik” deyə R.Əliyeva təqdimat mərasimindəki çıxışında bəyan etdi.
O da vurğulandı ki, müxtəlif sahələrdə fəaliyyət göstərən alim, hakim, yazar, həkim olan ziyalıların Zəngəzur haqqında xatirələri, fikirləri, elmi faktlarla, poetik düşüncələrlə, müxtəlif janr və məzmunlu yaradıcılıq nümunələri ilə qələmə alınmış, ingilis dilinə tərcümə olunaraq nəşr olunmuşdur.
Artıq bu torpaqlarla bağlı azərbaycanlıların həsrət dolu fikir və xatirələri bütün dünyanın başa düşdüyü ingilis dilində işıq üzü görür
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə ithaf edilən kitabın başqa bir özəliliyi isə onun Almaniyada Verlag “STELLA” Deutschland nəşriyyatında, beynəlxalq qriflə ingilis dilində çap olunmasıdır. Təqdimat mərasimindəki digər çıxışlarda bəyan edildiyi kimi, bu məqam, yəni kitabın ingilis dilində, özü də Almaniyada nəşr edilməsi “problemlərimizi özümüz deyib-özümüz eşidirik” narahatlığının da tədricən arxada qalması deməkdir.
Yəni, artıq Zəngəzur həqiqətləri, bu torpaqlarla bağlı azərbaycanlıların həsrət dolu fikir və xatirələri bütün dünyanın başa düşdüyü ingilis dilində işıq üzü görür. Özü də necə deyərlər, düz Avropanın mərkəzində – Almaniyada.
Bu kitabın ingilis dilində nəşr olunması nə qədər əhəmiyyətlidirsə, onun xarici ölkələrdə təbliği o qədər vacibdir
Təqdimat mərasiminin aparıcısı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının, o cümlədən millət vəkili Etibar Əliyevin və digər ziyalıların, yazarların və ictimaiyyət nümayəndələrinın bəyan etdiyi kimi kitabın ingilis dilində nəşr olunması nə qədər əhəmiyyətlidirsə, onun xarici ölkələrdə təbliği o qədər də vacibdir. Odur ki, vaxt itirmədən elə bu istiqamətdə hərəkətə keçməliyik.
Bu gün Qərbi Azərbaycan məsələsi ziyalılarımız qarşısında duran əsas vəzifələrdən biri olmalı, bu istiqamətdə araşdırmalar aparılmalı, kitablar yazılmalıdır. Özü də xarici dillərdə və xarici ölkələrdə.
R.Əliyevanın “Zəngəzur Azərbaycanın qədim torpağıdır” kitabı bu sahədə digər ziyalılarımıza bir stimul ola bilər. Çünki hər yazılan dəyərli kitab bizi Zəngəzur bir az da yaxınlaşdırır.