Son yeniləmə: 4 Dekabr 2023 14:58
Fuad Nağıyev: Qarabağ Universitetində turizmlə bağlı ixtisaslar da olacaq
BAYRAQDAR MEDİA– “Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.
O, bildirib ki, Dövlət Turizm Agentliyinin tabeliyində hazırda 3 turizm təhsili ocağı fəaliyyət göstərir: “Bunların tərkibinə ali təhsil orqanı kimi bir universitet, bir kollec və bir turizm peşə məktəbi daxildir. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda cənab Prezident Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu universitetdə turizmlə bağlı ixtisaslar da olacaq”.