Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova: “İİV-ə yoluxmamaq üçün profilaktik tədbirlərə riayət edilməsi olduqca vacibdir”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV infeksiyasına yoluxma yolları, İİV-ə kimlər yoluxa bilər İİV-ə müayinələr harada aparılır və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “G.Cəfərova öncə İİV infeksiyasına yoluxma yolları barədə məlumat verib. O bildirib ki, İİV infeksiyası insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sisteminin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir”.
O, eləcə də infeksiyaya yoluxmanın 3 əsas yolu olduğunu deyib: “Birinci, cinsi yolla, yəni İİV-ə yoluxan insanla cinsi kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində baş verir. Eyni zamanda, İİV-lə çirklənmiş tibbi ləvazimat, inyeksion narkotik istifadəçiləri arasında qeyri-steril şprislərin, gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində parenteral yoluxma baş verə bilər. Həmçinin, İİV-ə yoluxan anadan hamiləlik dövründə uşağa, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində isə perinatal yolu ilə yoluxma mümkündür”.
Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa biləcəyini qeyd edən direktor müavini onu da deyib ki, İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir: “Ölkəmizdə bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında daha çox yayılıb. Buna baxmayaraq, son illərdə təsadüfi, qoruyucsuz heteroseksual cinsi əlaqələr nəticəsində də yoluxma halları qeydə alınıb. Bu səbəbdən insanların İİV-ə yoluxmamaq üçün profilaktik tədbirlərə riayət etmələri olduqca vacibdir. İİV-ə müayinələr QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan da daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir”.
G.Cəfərova sonda İİV-ə yoluxmamaq üçün görülməsi lazım olan tədbirlərdən danışıb: “Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli cinsi davranışdan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması – İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Qeyd edim ki, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir”.
O həmçinin qeyd edib ki, əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir, 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.