BAYRAQDAR MEDİA – Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədi ilə “Məktəbli könüllü” proqramına başlanılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, ETN-nin dəstəyi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil edilir. Proqrama qoşulan şagirdlər üçün məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi, ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə, məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri, məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlifmövzulu yay və qış düşərgələrinin təşkili, məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili, Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili nəzərdə tutulub”.
Proqrama qoşulmaq istəyən şagirdlər 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Həmçinin proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsi ilə müraciət edə bilərlər.