BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunda “Şəhidlərin şəxsi kitablarından” adlı guşə yerləşir. Bu guşədə şəhidlərin özlərinin mütaliə etdikləri müxtəlif mövzulu kitablar toplanılıb.
Bu kitablardan biri də Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin mütaliə etdiyi “Əmir Teymurun vəsiyyətləri” kitabıdır.
Əsər dünya tarixində ən böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət quruculuğuna və hərb sənətinə dair mülahizələrini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir. Ə.Teymurun vəsiyyətləri indiyədək dünyanın bir çox dillərində nəşr edilib. Əsərin Azərbaycan dilinə tərcüməsi oxucularda sərkərdənin şəxsiyyəti, tarixdəki mövqeyi, hərbi yürüşləri haqqında obyektiv fikir yaratmağa köməkdir.
Kitabın qapaq hissəsində isə bu sözlər yazılıb: “…əgər düşmən üstünə qoşun yeritmək istəyirdim, ortaya müharibə və barış (sülh) barəsində söhbət atardım, əmirlərimin müharibəyə, yaxud barışığa meyil etdiklərini müəyyənləşdirməyə çalışardım…”.
Qeyd edək ki, nəşr şəhidin ölümündən sonra ailəsi tərəfindən sözügedən fonda bağışlanıb.