BAYRAQDAR MEDİA – Vətən Müharibəsi iştirakçısı olan paytaxt müəlliminin “Hədəfimiz Şuşadır” adlı kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, “Bakı şəhəri 180 nömrəli tam orta məktəbdə “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində keçirilən təqdimatda şəhid ailələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər. Öncə iştirakçılar məktəbin həyətində Vətən şəhidlərinə həsr olunmuş abidə və şəhidlər bulağı ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb”.
Məlumata görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Atakişi Cəfərov qonaqları salamlayaraq möhtəşəm qalibiyyətin əldə edilməsində Azərbaycanın müasir hərbi biliklərə və döyüş bacarıqlarına malik qəhrəman əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb: “Daha sonra çıxış edən Vətən Müharibəsi iştirakçısı, 180 nömrəli tam orta məktəbin müəllimi Əli Abbasov kitab barədə ətraflı məlumat verib. Bildirib ki, “Hədəfimiz Şuşadır” adlı kitab Vətən Müharibəsinin şəhid leytenantı Elvin Məmmədzadənin xatirəsinə həsr olunub. O, “Hədəfimiz Şuşadır” adlı kitab şəhidin yaxın silahdaşı olan Əli Abbasov, digər döyüş yoldaşları və yaxınlarının xatirələri əsasında qələmə alındığını deyib. Çıxış edənlər ərazi bütövlüyümüz uğrunda mərdliklə mübarizə aparan, ölümün gözünə dik baxan, Vətən eşqi ilə şəhidlik məqamına yüksələn Elvin Məmmədzadə kimi qəhrəman oğulların həyat yolunun gənclər üçün ən gözəl vətənpərvərlik nümunəsi olduğunu söyləyiblər”.
Tədbirdə şəhid Elvin Məmmədzadənin döyüş yoldaşları və atası öz xatirələrini iştirakçıları ilə bölüşüblər.
Sonda məktəblilər “Şuşaya doğru” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.