Son yeniləmə: 1 Dekabr 2023 15:40
BAYRAQDAR MEDİA – “InMerge Innovation Summit”i çərçivəsində “Digital.Azerbaijan” brendi təqdim edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 1-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib.
Məlumata görə, təqdimatda bildirilib ki, “Digital.Azerbaijan” İRİA-nın innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edəcək brenddir.
Belə ki, İRİA-nın rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi üzrə təşəbbüsləri “Digital.Azerbaijan” brendi altında həyata keçiriləcək. İRİA-nın sədri İnarə Vəliyeva bildirib ki, “Digital.Azerbaijan” İRİA-nın gələcəyə baxışını və ölkənin rəqəmsal inkişafına sadiqliyini nümayiş etdirir: “Səyahətimizin bu yeni mərhələsində bizi yeni öhdəliklər və çağırışlar gözləyir. Bununla belə, biz bu yolda sarsılmaz əməkdaşlıq, tərəfdaşlıq və kollektiv səylə qarşıda duran missiyanın və çağırışların öhdəsindən gəlməyə hər zaman hazırıq”.
Qeyd edək ki, “Digital.Azerbaijan” brendi altında “Digital.Academy”, “Digital.finance”, “Mygov”, “Digital.docs”, “Digital.login” və digər məhsul və layihələr üzrə işlər həyata keçiriləcək. Bununla yanaşı, Agentliyin brendə uyğun yenilənmiş veb-saytı yaxın zamanlarda təqdim olunacaq.