BAYRAQDAR MEDİA – Noyabrın 30-da Azərbaycan mədəniyyət naziri Adil Kərimli qardaş Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək iki ölkənin bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub. A.Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb”.
Görüşdə həmçinin 2-5 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.