ATƏT PA-nın prezidentinə sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyi çatdırılıb
BAYRAQDAR MEDİA – Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb. Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub”.
Məlumata görə, görüşdə nazir Ceyhun Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb: “Nazir Azərbaycanın Qarabağ bölgəsində anti-terror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib. Görüşdə həmçinin, sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olunmasına ölkəmizin sadiqliyini bir daha vurğulayıb. Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib”.
Məlumatda deyilir ki, görüşdə ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib: “Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.