Son yeniləmə: 30 Noyabr 2023 12:08
BAYRAQDAR MEDİA – “Dünyanın müxtəlif yerlərində olduğu kimi Almaniyada yaşayan azərbaycanlılar da daim Vətənə bağlılığını nümayiş etdirir. İstər yaşadığım Ştutqart şəhərində, istərsə də digər şəhərlərdə yaşayan soydaşlarımız dilimizin, adət-ənənəmizin qorunub, yaşadılması üçün daim səy göstərirlər. Bir sözlə biz hər an doğma Azərbaycanla nəfəs alırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda Almaniyanın Ştutqart şəhərində yaşayan Şirin Rəhmanova dedi.
Onun sözlərinə görə, hər bayramda, həmçinin, Azərbaycan üçün tarixi günlərdə azərbaycanılar bir araya gəlir: “Diasporumuz müxtəlif şəhərlərdə tədbirlər təşkil edir. Bu tədbirlər zamanı milli adət-ənənələrimiz, mətbəximiz, musiqimiz təqdim olunur. Almanların və bu ölkədə yaşayan digər xalqların nümayəndələrinin də qatıldıqları bu tədbirlərdə, həmçinin ölkəmizin haqq davası, ədalətli mövqeyi barədə də ətraflı məlumatlar çatdırılır”.
O, qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı Almaniyada yaşayan azərbaycanlılar bir yumruq kimi birləşdilər: “Azərbaycan dövlətinə, xalqımıza dəstək olmaq üçün müxtəlif tədbirlər, aksiyalar keçiridik. Sonunda Azərbaycan dövləti qalib gəldi. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Bu qalibiyyət bizlərə misilsiz sevinc və qürur bəxş etdi”.