BAYRAQDAR MEDİA – Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan Vətən övladlarının əmanət övladlarına, ailələrinə dövlətlə bərabər cəmiyyət də sahib çıxır, onların tək olmadıqlarını hər addımda göstərir.
Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəb də bu baxımdan istisna deyil. Hazırda 2020-ci ilin 44 günlük savaşının qəhrəman şəhidlərindən olan polkovnik-leytenant Soltan Məmmədovun iki övladı bu məktəbdə oxuyur. Şəhid övladları daim diqqətdə saxlanılır, onlara hər addımda dövlətin və cəmiyyətin qayğısı hiss etdirilir.
Bu dəfə də elə olub. Şəhidin oğlu, 8-ci sinif şagirdi Əli Soltanoğlunun doğum gününə onun sinif yoldaşları öz ata-analarıyla birgə sürpriz hazırlayıblar.
Məktəbdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, kiçik Əli bu diqqət və yanaşmadan təsirlənib, ona sürpriz yaşadanlara təşəkkür edib.
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət balaca Əlinin timsalında bütün şəhid övladlarının Azərbaycan dövlətinin və xalqının əmanəti olduğunu deyib.