BAYRAQDAR MEDİA – Noyabrın 23-24-də qardaş Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” simpoziumu keçirilib.
İstanbul Universiteti, Türkiyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə düzənlədiyi simpoziuma Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Almaniya, Norveç, İsveç, Bolqarıstan, Misir, Rusiya, İran, Əfqanıstan, Hindistan daxil olmaqla dünyanın 17 ölkəsindən 40-dan artıq bilim adamı qatılıb.
Simpoziumun açılışındakı giriş sözündə Azərbaycan sözügedən Dərnəyin başqanı filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli bu səpkili tədbirlərin keçirilməsinin Turan Birliyinə dəstək olmaq amacından qaynaqlandığını bildirib.
İstanbul Universitetinin rektoru, Prof. Osman Bülent Zülfikar tarix boyunca bütün türk xalqlarının, o cümlədən yazarların taleyində həzin, kədərli iz buraxmış köç və mühacirət məsələsinin bədii ədəbiyyatda nə şəkildə əks olunduğunun öyrənilməsinin sosial-siyasi və ədəbi-kulturoloji önəmindən bəhs edib.
Türkiyat Araşdırmaları İnstitutunun müdiri, Prof. Mustafa Balcı ilk dəfə keçirilən türk xalqlarının mühacirət ədəbiyyatı simpoziumunun, eyni zamanda siyasi birliyə təkan olacağını vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyəyə mühacirət edən dünya şöhrətli türkoloq, İstanbul Universiteti Türk dili və ədəbiyyatı kafedrasının başqanı, Prof. Əhməd Cəfəroğlunun (1899-1975) qızı, Sabancı Muzeyinin müdiri, Prof Nazan Ölçer simpoziumu düzənləyənlərə təşəkkürünü bildirərək atası ilə bağlı xatirələrini dilə gətirib. Onun atasının ömrünün sonlarına qədər Azərbaycan həsrəti ilə yaşadığını, bütün yazdıqlarının arxasında türklük sevgisinin dayandığını söyləməsi salonda həzin, kövrək duyğular oyandırıb.
Azərbaycanın millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseyn türk xalqlarının müxtəlif dönəmlərdə dəfələrlə hicrətlə üzləşdiyini, köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpoziumun önəminə diqqəti çəkib.
İki gün davam edən simpoziumda Prof. Dr. Yavuz Akpınarın (Türkiyə) “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, Prof. Dr. Abdulhamit Avşarın (Türkiyə) “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, Prof. Dr. Sabahettin Şimşirin (Türkiyə) “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”, Prof. Dr. Atilla Jormanın (Finlandiya) “Görkəmli şair Mehmet Sadık Aran”, Prof. Dr. Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirəttəki siyasiləri: ədəbiyyat və təbliğat” (Rusiya), akademik Rafael Hüseynin (Azərbaycan) “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, Prof. Dr. Vaqif Sultanlının (Azərbaycan) “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, Prof. Dr. Bədirxan Əhmədlinin (Azərbaycan) “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, Prof. Dr. Almaz Həsənqızının (Azərbaycan) “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji basqısı kontekstində”, Dos. Dr. Şərqiyə Məmmədlinin (Türkiyə) “Əli bəy Hüseynzadə ortaq türkcə haqqında”, Dos. Dr. Akif Aşırlının (Azərbaycan) “Saffet Məlik Zərdabinin mühacirətdəki ədəbi-bədii irsi və jurnalistlik fəaliyyəti”, Prof. Dr. Əhməd Sami Elaydinin (Misir) “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, Dos. Dr. İzzətullah Zəki və Dr. Firuz Fevzinin (Əfqanısatan) “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, Dos. Dr. Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, Dos. Dr. Rüstəmcan Cabbarovun (Özbəkistan) “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühacirət ədəbiyyatı”, Dr. Orhan Arasın (Almaniya) “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”, Dos. Dr. Nouşad Mançeri Kırıkkalın (Hindistan) “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, Dr. Səadət Kəriminin (İsveç) “Qərbi Avropada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, Dr. İrəc İsmayılın (Norveç) “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, Dos. Dr. Tohid Məlikzadənin (İran) “Rza Bərahəninin yaradıcılığı”, Dos. Dr. Nəzirə Sultanəliyevanın (Qırğızıstan) “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, Dr. Dürdanə Rəsulovanın (Tacikistan) “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və başqa məruzələr maraqla qarşılanıb.
Simpozium iştirakçıları sonuncu gün İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbinə baş çəkib, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olublar.