Press "Enter" to skip to content

Həssas əhali qruplarından olan şəxslər daim diqqət və qayğı ilə əhatə olunublar

Mənzillərin sənədlərinin təqdim edilməsi zamanı

Son yeniləmə: 30 Noyabr 2023 14:52

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 250 mənzil verilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 30-da nazirlikdən məlumat verilib.

Bildirilib ki, “4 saylı DOST Mərkəzində mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və şuranın üzvü, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu təqdim ediblər”.

Məlumata görə, V.Nəsirli bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib: “Dövlət başçısının tapşırığı ilə bu il ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1100, postmüharibə dövründə 5600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev verilib. Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur”.

Məlumatda deyilir ki, B.Məmmədzadə və R.Kərimoğlu həssas əhali qruplarından olan şəxslərin, xüsusilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlarımızın daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıblar: “Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək qayğıya, həmçinin yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər”.

Mission News Theme by Compete Themes.