Son yeniləmə: 29 Noyabr 2023 11:43
BAYRAQDAR MEDİA – “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi keçirilir.
Sözügedən layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər keçirilir.
Tədbirə “Mənfəətin firça vuruşları: Təsviri sənət biznesi” mövzusu ilə qatılan rəssam Erkin Ələkbərli layihə və öz mühazirəsi haqda fikirlərini BAYRAQDAR MEDİA-ya danışıb: “Bu layihədə iştirak üçün dəvət mənə Mədəniyyət Nazirliyindən gəldi. Mühazirə zamanı mən iştirakçılara ümumi təsviri sənət haqda danışıram. Həmçinin rəngkarlıq, heykəltəraşlıq, qrafika nümunələrinin ilk satışlarının baş verdiyi halları, tarixdə İntibah dövründən başlayaraq o zaman təsviri sənət sahəsində biznes necə inkişaf edib, ilk sifarişçilər kimlər olub bu haqda geniş məlumat verirəm. Bundan əlavə qalereyaların yaranması, auksionlar, online auksionların işi haqqında danışıram. Bildirim ki, mühazirələr bir neçə bölgədə nəzərdə tutulub. Hələlik isə biz bu mühazirələri Bakıda və Qubada keçirtmişik. İrəlidə isə hələ 8 bölgədə – Sumqayıt, Naxçıvan, Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Şamaxı və Şuşa şəhərlərində olacaq”.
Bildirək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə ümumilikdə 100 tədbir keçiriləcək.