BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında “XIX-XX əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən” monoqrafiya da yer alır.
Kitab AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının 8 aprel 2022-ci il tarixli (3 saylı protokol) qərarı ilə çap olunub.
Monoqrafiya Azərbaycanının İrəvan şəhərinin Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının XIX-XX əsrin əvvəlləri dövrünə həsr edilib. Əsərdə İrəvanın tarixini “erməniləşdirməyə”, onu “Erebuni” adli mifik məskənlə bağlamağa çalışan saxtakarlar tənqid olunur, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlərə aydınlıq gətirilir, Azərbaycan və Anadolu türkcələrində, ingilis, rus və b. dillərdəki tarixşünaslıq əsərlərindən, habelə mötəbər qaynaqlardan toplanmış qiymətli məlumatlar əsasında İrəvan tarixinin mühüm sahələrinə işıq tutulur.
Kitabda İrəvan şəhər sənayesi, şəhər memarlıq xüsusiyyətləri və ticarəti barədəki faktlar əsasında onun klassik Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutduğu vurğulanır, şəhərin inzibati idarəçilik sistemi, demoqrafiyası araşdirılır, çarizmin işğalçı İrəvan yürüşlərinə qarşı irəvanlıların qəhrəman mübarizəsi real faktlarla işıqlandırılır, romanovların mürtəce köçürmə siyasəti sayəsində burada reallaşdırılmış xristianlaşdırma – erməniləşdirmə proseslərinə tənqidi diqqət yetirilir.
Həmçinin əsərdə İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir, onun Azərbaycan elm və mədəni mərkəzlərindən biri olduğu vurğulanır.
Nəşrin elmi redaktorları tarix üzrə fəlsəfə doktoru, Dos. Zeynəb Qafarova, tarix üzrə fəlsəfə doktoru, Dos. Sevinc Mustafayeva, rəyçiləri isə tarix üzrə fəlsəfə doktoru, Dos. Ənvər Məmmədov və tarix üzrə fəlsəfə doktoru, Dos. Elçin Qarayevdir.