BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında Azərbaycan dilinin Özbəkistanda kütləvi tədrisi sahəsində memorandum imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə bildirilir ki, “ÖGİA “İbrət fərzəndləri” layihəsinin rəhbəri Rustam Qoriyevin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistandakı AMM-ni ziyarət edib. Qonaqları qəbul edən Mərkəzin direktoru Samir Abbasov görüş zamanı AMM-nin tarixi, fəaliyyəti və missiyası barədə geniş məlumat verərək Özbəkistanda Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğinə, habelə Azərbaycan dilinin tədrisinə böyük əhəmiyyət verdiklərini və bu sahədə onlarla əməkdaşlıq etmək istəyən təşkilatlara da dəstək olmaq üçün hazır olduqlarını bildirib. R.Qoriyev də öz növbəsində AMM-yə ziyarətlərindən məmnunluq duyduqlarını və gələcəkdə də bir çox sahələrdə əməkdaşlığa hazır olduqlarını qeyd edib, layihəyə yaxından dəstək və maraq göstərdiklərinə görə S.Abbasova təşəkkürünü bildirib”.
Sonra xəbərdə, “bundan əlavə görüş zamanı AMM ilə ÖGİA arasında həmkarlıq çərçivəsində birgə tədbirlərin, yay-qış düşərgələrinin, ustad dərslərinin, sərgi və yarışların, bilik olimpiadalarının, təhsil, mədəniyyət sahəsində layihələrin, iki ölkənin gənclər siyasətinin dəstəklənməsi və s. bir çox sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib, bir çox məsələlər üzrə razılıqlar əldə olunub və AMM-nin təşəbbüsü ilə ÖGİA arasında Azərbaycan dilinin Özbəkistanda kütləvi tədrisi sahəsində memorandum imzalanıb” deyə qeyd olunur.
Məlumat üçün bildirək ki, sözügedən layihə gənclərin aparıcı əcnəbi dillərə yiyələnməsi üçün “Youtube”da yaradılmış böyük bir platformadır. Layihəyə qısa müddət ərzində 410 mindən çox tələbə və gənc qoşulub.
Layihədə Azərbaycan dilini öyrənmək istəyənlər üçün video da təqdim edilir.