BAYRAQDAR MEDİA – Noyabrın 28-də Bakıda Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan (ITHCF) daxil olub.
Xəbərdə bildirilir ki, “yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçirilir. Forum çərçivəsində kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirən “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi”nə(MY EXPO 2023) baxış keçirilib”.
Sonra xəbərdə qeyd olunur ki, “tədbirdə ITHCF-in prezidenti Aktotı Raimkulova Forumun “Mədəniyyət və Yaradıcı Sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektivlər” mövzusu üzrə panel sessiyasında çıxış edib. A.Raimkulova təşkilatın prezidenti olaraq, Forumun Azərbaycanda qatıldığı ilk rəsmi tədbir olmasından söz açıb. O, Fondun rəhbəri təyin olunmasında göstərdikləri etimada görə türk dövlətlərinin başçılarına, xüsusi ilə Prezident İlham Əliyevə təşəkkür edib”.
Tədbirdə həmçinin, mədəniyyət naziri Adil Kərimli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər rəsmi şəxslər çıxış edib.