Son yeniləmə: 29 Noyabr 2023 16:05
BAYRAQDAR MEDİA – Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş dördüncü qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 382 layihədən 19-nun maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 29-da KOBİA-dan məlumat verilib.
Məlumata görə, layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının noyabrın 29-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 369-u KOB subyekti və 13-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 382 layihə təqdim edilib: “KOB subyektlərinə məxsus layihələrin 163-ü hüquqi, 206-sı fiziki şəxslərə, o cümlədən 357-si mikro, 12-si kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 178-si təhsil, 23-ü elm, 51-i tədqiqat, 130-u dəstək layihələridir. Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant müsabiqəsinə sənəd qəbulu 14 avqust-13 sentyabr 2023-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 15 sentyabr-14 noyabr 2023-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb”.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar.