Son yeniləmə: 28 Noyabr 2023 11:02
Füzulidə Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib
BAYRAQDAR MEDİA – Son illər türk dünyasının inteqrasiyasının daha da dərinləşməsi, türk dövlətləri arasında əlaqlərin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. Dövlət başçıları tərəfindən atılan bu addımlar, həyata keçirilən siyasət özlüyündə xalqlar tərəfindən də rəğbətlə və qürur hissi ilə qarşılanır. Öz növbəsində müxtəlif mədəniyyət və incəsənt xadimləri, ayrı-ayrı qrumlar da dövlətlər tərəfindən həyata keçirilən siyasətə dəstək məqsədilə çeşidli işlər görürlər.
Hesab edirik ki, noyabrın 27-də Füzuli şəhərində keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da bu istiqamətdə atılan mühüm addımlardan biri kimi tarixə düşəcək.
Çəkinmədən qeyd edə bilərik ki, bu Forum Qardaşlıq bağlarını gücləndirən daha bir körpü rolunu oynayacaq. Forum barədə geniş məlumata keçməzdən öncə vurğulayaq ki, işğaldan azad edilmiş Füzulidə, özü də qardaş Özbəkistanın bizlərə hədiyyəsi olan Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbdə keçirilən bu möhtəşəm tədbir barədə təssürat yazımızı sabah dəyərli oxucularımıza təqdim edəcəyik. Bu gün həm Forumun əsas hissəsi, həm panellər, həm də bu tədbirlə bağlı müxtəlif açıqlamaları təqdim edirik.
Özbək dilində salamlama böyük coşqu ilə qarşılandı
Beləliklə, başlayaq ondan ki, Forumun açllış hissəsi öz işinə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi, həmçini Azərbaycan və Özbəkistanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başladı. Daha sonra iki ölkə arasında münasibətlərin inkişafına dair videoçarx nümayiş etdirildi.
Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış etdi. Qeyd edək ki, Aygün xanımın çıxışına qardaş ölkədən gələn qonaqlar özbək dilində salamlama ilə başlaması iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılandı. Bu, əslində iki qardaş xalqın bir-birinə mənən bağlı olmasının növbəti bariz ifadəsi idi.
Aygün Əliyeva: Bu Forum yeni əməkdaşlıqların qurulması üçün tarixi zəmin yaradacaq
Aygün Əliyeva çıxışında bildirdi ki, son illərdə Azərbaycanla Özbəkistanın əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir.
Qeyd olundu ki, Azərbaycan və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı iki ölkənin dövlət başçılarının birbaşa dəstəyi ilə günü-gündən yüksək dinamika ilə daha da möhkəmlənir. Bu xüsusda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığı da çox önəmlidir.
Aygün Əliyeva hər iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçilərinin iştirakı ilə keçirilən Forumun yeni əməkdaşlıqların qurulması üçün tarixi zəmin yaradacağına əminliyini ifadə etdi.
Tural Əliyev: Bu gün Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyədədir
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirdi ki, bu gün Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyədədir.
Qeyd edildi ki, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir: “Əlbəttə, istər siyasi, istər mədəni, istər də tarixi əlaqələrin bu səviyyədə yüksək olduğu bir dövrdə vətəndaş cəmiyyəti təsisatlarının da üzərinə mənəvi məsuliyyət düşür. Bu xətti qeyri-hökumət təşkilatları vasitəsilə də gücləndirmək, irəli aparmaq üçün böyük imkanlar, potensial var”.
Bahrom Aşrafxanov: İki ölkə arasında əməkdaşlığın QHT-lər sahəsində də inkişafı önəmlidir
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişafından geniş bəhs etdi.
Diplomat, həmçinin iki ölkə arasında əməkdaşlığın QHT-lər sahəsində də inkişafının önəmini qeyd etdi.
Azərbaycanın Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Turxan Süleyman Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan bu təhsil olacağının imkanları barədə danışdı.
Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev iki ölkə arasında əlaqələrin QHT-lər sahəsində də inkişafı üçün bu Forumun vacib təkan olacağını qeyd etdi.
Açılış mərasimində, həmçini Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım və Sabir Rüstəmxanlı da çıxış etdilər.
Çıxışlarda iki qardaş ölkənin bütün sahələrdə əlaqələrinin genişləndirildiyi xüsusi olaraq vurğulandı.
Belə bir fikir ifadə olundu ki, QHT-lər arasında əməkdaşlıq, keçirilən bu Forum qardaşlıq bağlarını gücləndirən daha bir körpü rolunu oynayır.