Press "Enter" to skip to content

Özbəkistan kanalında Bakı haqqında veriliş

Bakı "Sevimli" TV-də

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Heydər Əliyev ili” və Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistan mətbuat nümayəndələrinin Azərbaycana “Media-tur”u təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə qeyd edilir ki, ““Media-tur” çərçivəsində Özbəkistanın “Sevimli TV” telekanalı tərəfindən şəhərin əsas ziyarət mərkəzlərindən olan Dağüstü Park, Hərbi Qənimətlər Parkı, Azərbaycan Milli Xalça Muzeyi və Dənizkənarı Bulvar haqqında televiziya verilişi hazırlanıb. Kanalın aparıcısı Niqora Elmuradova ilk olaraq tamaşaçıları Dağüstü Parkla tanış edərək qeyd edir ki, bura Azərbaycan paytaxtının ən hündür nöqtəsidir və buradan şəhərin özünə və Xəzər dənizinə, dənizkənarı bulvara gözəl mənzərə açılır. Jurnalist daha sonra çəkilişləri Hərbi Qənimətlər Parkında davam etdirərək, 44 günlük Vətən Müharibəsi haqqında məlumat verib. Qeyd olunur ki, burada Azərbaycan xalqının öz ata-baba torpaqlarını erməni işğalından azad edilməsi şərəfinə xatirə park-kompleksi yaradılıb və parkda Vətən Müharibəsi nəticəsində düşməndən hərbi qənimət kimi götürülmüş ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları və s. eksponatlar sərgilənir”.

Sonra xəbərdə bildirilir ki, “daha sonra Azərbaycan Milli Xalça Muzeyini ziyarət edən yaradıcı heyət sözügedən muzeylə bağlı reportaj hazırlayıb. Burada qeyd olunur ki, xüsusi memarlıq üslubunda tikilmiş AMXM müasir Bakının ən tanınmış memarlıq simvollarından biridir və xarici turistlərin ziyarət etdiyi məkanlar arasında ilk yerlərdən birini tutur. Burada o da vurğulanır ki, muzeyin Azərbaycanda qədim xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində xüsusi rolu var. Muzeyin əməkdaşları tərəfindən verilən məlumatda Xalça Muzeyində 6 mindən çox eksponat toplanır, bu da Azərbaycan xalçalarından ibarət dünyanın ən böyük kolleksiyasıdır. Burada sərgilənən nümunələrin əksəriyyəti XVII-XX əsrlərə aiddir və müxtəlif üslub, məktəblərin xalçalarını təmsil edir”.

Həmçinin Dənizkənarı Bulvarda aparılan çəkilişlər zamanı aparıcı azərbaycanlıların həyat tərzindən, Bakının müasir memarlığından, şəhərin maraqlı küçələrindən, Azərbaycanın ləzzətli mətbəxindən, azərbaycanlıların qonaqpərvərliyindən danışıb, həmçinin paytaxt sakinləri və turistlərlə söhbət edib.

Mission News Theme by Compete Themes.