Son yeniləmə: 28 Noyabr 2023 11:12
BAYRAQDAR MEDİA – “Son illərdə Azərbaycanla Özbəkistanın əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir”.
Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, Azərbaycanı Özbəkistanla bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və vətəndaş cəmiyyəti birləşdirir: “Mübaliğəsiz deməliyik ki, son illər yüksək səviyyəli görüşlər Özbəkistanı və Azərbaycanı həm siyasi dialoq çərçivəsində, həm də ictimai həyatın bütün sahələrində yaxınlaşdırıb. Bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyi hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək məqsədilə bu səfəri təşkil edib”.
A.Əliyeva bildirib ki, Azərbaycan-Özbəksitan əlaqlərinin inkişafı fonunda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığı da çox önəmlidir: “Bu əməkdaşlığı daha da inkişaf etdirmək və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Özbəkistanın 30 nəfərlik nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətində Özbəkistanın Prezident administrasiyası, aidiyyəti dövlət qurumları, nüfuzlu QHT-lər və media nümayəndələri təmsil olunur. Səfərin əhatə edəcəyi 5 gün ərzində bir çox dövlət və qeyri-dövlət qurumlarında görüşlər, Özbəkistanda fəaliyyət göstərən Agentliyin tərəfdaşı olan donor təsisatları ilə əməkdaşlıq memorandumlarının imzalanması, qeyri-hökumət təşkilatlarının ofislərinə səfərlər, Bakının və Şuşanın tarixi yerlərinə səfər nəzərdə tutulub”.
Vurğulanıb ki, səfər çərçivəsində Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunun Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 N-li tam orta məktəbinin seçilməsi heç də təsadüfi deyil. Əvvəla bu məktəb Özbəkistanın Azərbaycana hədiyyəsidir. Digər tərəfdən, Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb həm də vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi tarixə düşəcək.