Son yeniləmə: 27 Noyabr 2023 22:13
BAYRAQDAR MEDİA – Ötən həftə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qardaş Qırğızıstana səfəri olub.
Səfər çərçivəsində F.Muradov Azərbaycan icması ilə birlikdə müxtəlif tədbirlərə qatılıb, qırğız təmsilçilərlə görüşüb. Belə görüşlərdən biri də Azərbaycanın Dostları Klubunun prezidenti, tanınmış ictimai xadim və Qırğızıstanın Əməkdar mədəniyyət xadimi Assol Moldokmatova ilə olub.
Biz Assol Abdıkalıqızından bu görüşlə bağlı təəssüratlarını bölüşməsini xahiş etdik.
-Assol xanım, Fuad Muradovla görüşünüz necə oldu?
-Bu, faydalı bir görüş idi. Görüşdə onun başçılıq etdiyi Komitənin yetərincə nüfuzlu və fəal dövlət qurumu olduğunu öyrəndim. Qurum xaricdəki həmvətənləri dəstəkləmək üçün yetərincə imkan və resurslara malikdir. Məqsəd də mədəni kimliyin qorunması və inkişafını təmin etməkdə yardımçı olmaqdır. Açığı, bir daha ölkə xaricində yaşayan azərbaycanlıların necə dəstəkləndiyinə əmin oldum. Belə bir hal, əlbəttə ki, təqdirəlayiqdir. Deyim ki, Rusiya Federasiyasındakı Qırğızıstan vətəndaşlarına belə bir münasibəti yalnız arzu etmək qalır. Yəni arzu olunandır ki, bizim də dövlətimiz öz həmvətənlərinə Azərbaycan kimi yardımçı olsun. Bu baxımdan Azərbaycanlı dostlarımızdan öyrənəcəyimiz çox şey var.
-Yaxşı, bəs Qırğızıstandakı Azərbaycan diasporu haqda nə deyə bilərsiniz?
-Azərbaycanlılar çoxmillətli Qırğızıstan xalqının ayrılmaz tərkib hissəsidir. Burada yaşayan azərbaycanlıların çoxu ötən əsrin 30-40-cı illərində Qırğızıstana sürgün edilənlərin xələfləridir. Hazırda ölkəmizdə 20 mindən çox etnik azərbaycanlı yaşayır. Mən öz xalqımla fəxr edirəm. Çünki həmin o qorxunc illərdə buraya sürgün edilmiş azərbaycanlıları, eyni zamanda bənzər faciə ilə üzləşmiş başqa xalqların nümayəndələrini öz doğmaları kimi qarşılayıblar. Azərbaycanlıların arasında çox sayda layiqli insanlar var. Onlar bizim ümumi Vətənimiz olan Qırğızıstanın inkişafına ciddi töhfə verirlər. Burada həkimlər, hüquqçular, iş adamları, başqa sənət adamlarını vurğulaya bilərik. Elə bizim gücümüz də çoxrənglilikdə, çoxmillətlilikdə və çoxkonfessiyalılıqdadır.
-Elə isə sizin Azərbaycan diasporunun rəhbərləri ilə münasibətiniz necədir?
-Azərbaycanın Dostları Klubunun prezidenti kimi daim Azərbaycan diasporunun nümayəndələri ilə əlaqədəyik. Onların tədbirlərində iştirak edirik. Ölkəmizdə çox tanınan, Azərbaycan icmasının mənəvi lideri hesab edilən Akif Alaferdovla çoxillik dostluq əlaqələrim var. Mən onu hörmətlə “Qırğızıstanın baş azərbaycanlısı” adlandırıram. Akif bəy Respublikamızın Əməkdar həkimidir. Eyni zamanda xalqlar arasında sülh və qarşılıqlı anlaşmaya verdiyi töhfələrə görə bu yaxınlarda ölkənin ali mükafatlarından birinə – “Dostık” ordeninə layiq görülüb. O, Azərbaycan diasporu üçün çox işlər görüb. Əminəm ki, hələ çox işlər də görəcək. Onu da deyim ki, diasporun bu yaxınlarda seçilmiş yeni rəhbəri Xansıvar Baxşəliyev də şəxsən məndə böyük ümidlər doğurur. Gəncdir, savadlıdır, enerjilidir, yeni ideya və planlarla zəngindir. Ona bu məsuliyyətli işində yeni uğurlar diləyirəm.
-Sizin sözügedən Klubun rəhbəri olmağınız yalnız Azərbaycan diasporu deyil, həm də səfirliyi ilə münasibətlərinizi də vacib edir…
-Bizim ictimai qurumun əsas vəzifəsi xalq diplomatiyası yoluyla xalqlar və ölkələr arasındakı münasibətləri – qarşılıqlı anlaşma və iş birliyini daha da dərinləşdirməyə xidmət etməkdir. Açığı, səfirliyin əvvəlki rəhbərliyi tərəfindən gərəkli diqqət və dəstək gördüyümüzü deyə bilmərəm. Hətta əksi baş verirdi. Həm də bizdən asılı olmayan səbəblərdən. Lakin hazırkı səfir tərəfindən bu dəstəyi və qarşılıqlı anlaşmanı hiss edirik. 2021-ci ilin sonunda Lətif Qəndilovun səfir təyin edilməsindən sonra bizim Klubun Azərbaycan səfirliyi ilə dərhal yaxşı əlaqələri quruldu. Biz bir-birimizi yaxşı başa düşürük. Yeni səfirin şəxsində biz böyük bir dost qazanmışıq. O, yüksək təcrübəli peşəkar diplomatdır, bizə də həmişə yetərincə dəstək olur. Bir də möhtəşəm dostumuz, Azərbaycanın məşhur jurnalisti Azər Həsrətə təşəkkür etmək istərdim. O, bizim münasibətlərimizin möhkəmlənməsi üçün çox işlər görür, həm də xalqlarımız arasındakı dostluğa yetərincə keyfiyyətli töhfə verir!
-Bəs Qırğızıstanın Azərbaycandakı səfirinin işini necə dəyərləndirirsiniz?
-İndi ki, söz səfirlərdən düşdü, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə xüsusi təşəkkürlər ifadə etmək istərdim. O, öz məsul işini olduqca məhsuldar şəkildə icra edir. Qırğızıstanla Azərbaycan arasındakı münasibətlərdəki möhtəşəm sıçrayış və sürətli yaxınlaşmada onun böyük töhfəsi var. Fürsətdən istifadə edib Kayrat Mederbekulinə tanınmış yazıçı, teleaparıcı və fikir adamı Teymur Atayevin Qırğızıstana səfərini təşkil etdiyi üçün dərindən təşəkkür edirəm. Çingiz Aytmatovun anadan olmasının 95 illiyi ərəfəsində onun “Çingiz Aytmatov və müasirlik” adlı yeni kitabını Bişkekdə təqdim etməsi ölkəmizin ictimai həyatında diqqətə dəyər bir hadisə oldu.
-Sonda oxucularımıza nə arzu etmək istərdiniz?
-Sülh, xoşbəxtlik və firavanlıq! Qoy bizim böyük əcdadlarımız – Manas Ata və Dədə Qorqudun ruhları xalqlarımız arasındakı qardaşlıq münasibətlərini və hər birimizi qorusun.
-Maraqlı söhbət üçün çox sağ olun.
Redaksiyadan: Müsahibə rus dilindən BAYRAQDAR MEDİA-nın tərcüməsində təqdim edilir.