BAYRAQDAR MEDİA – 18-20 dekabrda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçiriləcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində olacaq. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda Azərbaycan mədəniyyətinin və milli irsinin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq”.
Forumda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi – mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq- Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, forumda iştirak etmək istəyənlər dekarın 10-dək qeydiyyatdan keçə bilərlər.